AFFA İcraiyyə Komitəsinin bu gün videokonfrans formatında keçirilən iclasında Azərbaycan Premyer Liqası və ölkə kubokunun dayandırılmasına qərar verilib.

Federasiya qərarın verilməsinə səbəb kimi COVID-19 qlobal pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statisitikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin 2020-ci il iyulun 1-dək uzadılması ilə bağlı klubların məşq keçməsi üçün vaxt azlığı, klubların ehtimal olunan maliyyə çətinliyi, pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr və ən əsası, futbolçuların, məşqçilərin və Azərbaycan Premyer Liqasında oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunmasını göstərib.
AFFA-nın qərarı futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmasa da, Offsideplus.az-a açıqlama verən mütəxəssislər çempionatın dayandırılmasının sağlamlıq baxımından düzgün seçim olduğunu bildiriblər.

A1
Futbol meneceri Erkin İbrahimov AFFA və PFL-in mövcud şərtlər altında ən düzgün qərarı verdiyini düşünür: “Məncə, verilən qərar düzgündür. AFFA və PFL ilk gündən çalışırdı ki, çempionat bərpa olunsun. Son günlərdə həftə sonları karantin elan olunması, UEFA-nın bütün çempionatların avqustun 3-ünə qədər yekunlaşdırılması barədə qərarı çempionatın ləğvinə gətirib çıxardı. Həmin tarixə qədər federasiyalar avrokuboklarda iştirak edəcək klubların adlarını təqdim etməlidirlər. İndiki halda, bu mümkün olmayacaqdı. Şənbə və bazar günləri məşq və oyun olmayacaqsa, mövcud təqvimə yenidən baxılmalı və müddət ən azı avqustun 20 və ya 25-inə qədər uzadılmalı idi. İkinci əsas amil sağlamlıq və təhlükəsizlik məsələsidir. Təəssüflər olsun ki, son günlər yoluxma statistika çox pis şəkildə irəliləyir. Tanış həkimlər, xəstəxanada işləyən insanlardan da vəziyyətin kritik olduğunu, artıq xəstəxanaların dolduğunu eşidirik. Bu durumda zəmanət yoxdur ki, Rusiyada, “Rostov”da olan hal bizdə təkrarlanmayacaq. Futbol komandası böyük kollektivdir. 1 nəfər xəstələnsə 40-45 adam yoluxacaq, onların da ailə üzvləri var. Bu kimi tərəfləri düşünəndə qərarın düzgün olduğu görünür”.

EF

Azərbaycanın sabiq FİFA referisi Əfqan Həmzəyev insan həyatının idmandan daha üstün olduğunu bildirib: "Hesab edirəm ki, AFFA tamamilə doğru qərar verib. Pandemiyanın geniş yayıldığı dövrdə həm futbolçuların, həm bu sahədə çalışan digər insanların həyatını təhlükəyə atmağa ehtiyac yox idi. Fransa, Hollandiya kimi ölkələrdə belə qərarlar verilirsə, demək ki, AFFA-nın da qərarı doğrudur. İnsan həyatı idmandan daha üstündür. Sırf insan həyatı baxımından AFFA-nın qərarını dəstəkləyirəm. Futbolçu zədəyə görə 1 ay meydandan uzaq qalanda ona yenidən toparlanmaq üçün çox vaxt lazım olur. 3 ay isə kifayət qədər uzun müddətdir. Legionerlər də oynamaq istəmirlər. Elə oyunçu var müqaviləsi bitib, bu qədər fasilədən sonra 1 ay oynasa zədələnmə riski yüksəkdir. Yenə də əsas insan amili və onun sağlamlığıdır".

Futbol üzrə milli komandamızın sabiq idman terapevti Faiq Hüseynov isə AFFA-nın bu qərarı daha erkən verməli olduğunu qeyd edib: "AFFA-nın həkimi cənab Xamenko əvvəlcə oynamağa icazə verdi və hamı yoldaşlıq görüşləri keçirdi. Bu gün isə futbol oynamağın əleyhinə səs verdi. Ondan fərqli olaraq, Xetaqurov 3 ay öncə müsahibə verərək futbol oynamağın qeyri-mümkün olduğunu demişdi. AFFA-da yalnız əcnəbi məşqçilərin yox, baş həkimin də peşəkar olması arzuolunandır. Necə ola bilər ki, fikrini bu cür tez dəyişəsən? Bunu ancaq tibbi korpusda yüksək vəzifə tutan və öz işini bilməyən adamlar edər. AFFA-nın, xüsusilə tibbi sahədə ştat toplanmasına daha peşəkar yanaşması məqsədəuyğundur. 

FH

Baxmayaraq ki Birləşmiş Ərəb Əmirliklərində vəziyyət xeyli yaxşılaşıb, orda da yerli çempionatın başa çatdırılması haqqında qərar qəbul olundu. Amma 40 dərəcə istidə oynamaq özü də rikslidir. Yayda Bakıda çox isti olur. Futbolçuların uzun zamandır fiziki yüklənməməsi və bərpa üçün vaxtın azlığı səbəbindən, əlbəttə, risk çox böyükdür. Çempionatın bərpa olunduğu İtaliya və Almaniya ilə yanaşı, futbol oynamaqdan imtina edən Hollandiya və Fransanı da nəzərdən keçirmək, yaxud Belarus kimi ümumiyyətlə liqanı dayandırmamaq da olardı. FİFA və UEFA müəyyən tövsiyələr versə də, son qərarı hər ölkə özü qəbul etməli idi.

Belə görünür ki, bu gün virusla bağlı vəziyyət risk olmadan futbol oynamağa imkan vermir, AFFA-nın qərarı da bununla bağlıdır. Fikrimcə, bu, gecikmiş qərardır. Bunu daha əvvəl etmək və yoldaşlıq oyunları keçirməmək lazım idi".

Qeyd edək ki, 20 turdan sonra 45 xalla zirvədə yer alan "Qarabağ" çempion elan olunub. Ağdam klubu 2020/2021 mövsümündə Azərbaycanı Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında təmsil edəcək.