AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov "Report"a açıqlamasında Azərbaycan Premyer Liqasının dayandırılma variantının da müzakirə edildiyini bildirib.

Offsideplus.az xəbər verir ki, V. Sadıqov bunu həftəsonu karantin rejiminin tətbiqinə görə komandalara hazırlıq vaxtının yetərli olmayacağı ilə əlaqələndirib:

"Məşqlərə start vermək və çempionata başlamaq qərarları AFFA, PFL və klublarla birgə qəbul edilib. Hesab edirəm ki, bu gün çempionatın ləğvinə ehtiyac varsa, ilk növbədə, bu qurumlar yenidən bir araya gəlib müzakirələr aparmalıdırlar. Ondan sonra görüşün nəticəsi AFFA İcraiyyə Komitəsinin üzvlərinə çatdırılmalıdır. Ondan sonra İK bunu müzakirə edə bilər. Klublar şənbə və bazar günlərini buraxmalı olur. Hazırlıq üçün çox az gündən istifadə edəcəklər. Bəlli deyil ki, çempionatın gedişatında hansı hadisələr baş verəcək. Bütün futbolumuzu böyük risk altında qoyuruqsa, hesab edirəm ki, bunu müzakirə etmək mümkündür".

Peşəkar Futbol Liqasının Mətbuat Xidmətinin rəhbəri Aslan Şahgəldiyev saytımıza açıqlamasında yekun qərar vermək səlahiyyətinin AFFA İcraiyyə Komitəsində olduğunu bildirib: "Çempionatın dayandırılması ilə bağlı heç bir rəsmi qərar yoxdur. Çempionatın ləğvi ilə bağlı hər hansı qərar olarsa, bu, İcraiyyə Komitəsi tərəfindən veriləcək. Yekun qərar vermək səlahiyyəti onlardadır. Yaxın günlərdə İcraiyyə Komitəsinin yığışacağı barəsində məlumat yoxdur. Bu saat üçün hər şey olduğu kimi qalmaqdadır".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunacaq. XXI turun oyunları bazar günü keçirilməlidir. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda həftəsonu qadağalar 6-7 iyun üçün tətbiq edilib, 14-15 və 19-20 iyunda da tətbiqi gözlənilir.