Bu gün “Keşlə”yə qalib gəldikləri yoxlama oyunundan(3:1) sonra “Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyunla bağlı danışıb:
- 3 ay futbol oynamayandan sonra cəmi 7 günlük məşqlə futbolçuların meydana çıxması fədəkarlıqdır. Hər iki komandaya təşəkkür düşür. Böyük risklər var. Futbolçuların fiziki durumu yerində deyil. Üstəlik, hava da çox isti idi. Amma futbolçular əzmkarlıq göstərib tapşırıqları yerinə yetirməyə çalışdılar. Çatışmazlıqlarımız çoxdur. Amma bunların üzərində işləmək üçün vaxtımız var.
- Dario Frederiko “Neftçi”də qalmaq istənmədiyini deyib...
- Onun bizimlə müqaviləsi var. Elə bir danışığımız yoxdur ki, klub onu istəmir. Bu gün oyunundan razı qaldım.
- Soni Mustivarar alışmadığı mövqedə - müdafiənin sol cinahında oynayırdı. Necə təsir bağışladı?
- Rəsmi oyun olmadığı üçün orda yoxlamaq istədik. Orta sahə oyunçusu olsa da, sol cinahda da maksimum çalışdı. Oyunu məni qane etdi.
- Ömər Buludovun olmaması nə ilə bağlı idi?
- Məşqdə zədələnmişdi. Ona görə risk etmək istəmədik.
- Baqali Dabonun gedəcəyi deyilirdi. Bu məsələ nə yerdədir?
- Düşünürəm ki, sona qədər bizimlə olacaq.
- Xaqani Məmmədovun məşqçilər korpusuna gələcəyi haqda xəbərlər var...
- Bilmirəm, bu xəbərlər necə çıxır. Belə bir şey yoxdur. O, “Qəbələ”də işləyir. Bizim planımızda heç vaxt belə bir şey olmayıb. Bir məlumat yazılırsa, həmin məşqçinin işlədiyi yer üçün də ziyan olduğunu da düşünmək lazımdı. Onu “Neftçi”yə gətirmək planımız yoxdur.
- “Neftçi” həftə sonu üçün “Qəbələ”yə gedəckmi?
- Bakıda qalacağıq.
“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev:
- Belə bir planımız var idi. Ancaq biz özümüz də təhlükəsizlik baxımından ehtiyat edirik. Buna görə özümüzü sığortalamağa çalışırıq.(sportnet.az)