AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov koronavirus pandemiyası səbəbindən yaranmış maliyyə problemini əsas gətirərək növbəti mövsüm də 8 komandalı çempionatın keçiriləcəyini bildirsə də, Musayev fərqli qərarın olacağını istisna etməyib.
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev 2020/21 mövsümündə Azərbaycan Premyer Liqasında komandaların sayı ilə bağlı məsələyə münasibət bildirib.
O "Xəzər TV"yə müsahibəsində əlavə edib ki, yekun qərar günün tələbinə uyğun veriləcək: "Premyer Liqada növbəti mövsüm 10 komandanın iştirak edəcəyini özümdən çıxarmamışdım. AFFA İcraiyyə Komitəsinin iclasında verilən qərar idi. Hər bir müqavilədə fors-major olur. Kim bilirdi ki, bu gün bütün dünyanı böhran bürüyəcək? Digər ölkələrdəki kimi, bu durum bizim dövlətimizə, sponsorlarımıza da ziyan vurdu. Elxan Məmmədovun növbəti mövsümü 8 komanda ilə keçirməklə bağlı səsləndirdiyi fikirlər doğrudur. Amma bu o demək deyil ki, qərar 8 komanda olaraq qalacaq. İki ay ərzində hər şey dəyişə bilər. Əvvəlki günümüzə qayıda bilsək, komandaların sayını 10-a yüksəltmək olar. Bəlkə elə sponsorlar çıxıb deyəcəklər ki, komandaya maliyyə ayırırıq. Sadəcə, indiki durum 8 komandalı çempionatdan xəbər verir".
Musayev Gəncə və Tovuz komandalarının elitaya buraxılacağı ilə bağlı bir neçə ay əvvəl səsləndirdiyi fikrə də aydınlıq gətirib: "Gəncə və Tovuz komandasının Premyer Liqaya gəlişinin nəzərdə tutulduğunu demişdim. Təki bölgə komandası olsun, mənim üçün fərqi yoxdur. Lənkəran, Qusar olsa lap yaxşı. Ancaq reallığa uyğun danışmaq lazımdır. Ən azı Gəncə və Tovuzda komanda, stadion, infrastruktur, şərait var. Mən bu meyarlara görə həmin Gəncə və Tovuzun adını çəkmişdim və buna görə peşman deyiləm. Düzdür, Lənkəranda da stadion var. Qusarda hazırlayacaqlarına söz veriblər. Hər zonanın özünün idmana bağlılığı var. Keçmişə və bu günə baxaq, futbolçuların hansı regiondan çıxdığına nəzər yetirək. Tovuzda uşaq doğulan kimi anası deyir ki, mənim futbolçu balam. Gəncəlilər həmçinin futbolu çox sevirlər. Bunu "Qızıl oyun"dakı ajiotajla göstərdilər".