AFFA Klublar Komitəsinin ötən gün keçirdiyi videokonfrans formatlı iclasda Premyer Liqa və Azərbaycan kubokunun iyunun 21-ində bərpası ilə bağlı qərar verilsə də, I Divizon barədə məlumat yer almayıb.

Bu isə birinci divizonun dayandırılma variantını gündəmə gətirib.

aslansh

 

Məsələ ilə bağlı Offsideplus.az-a açıqlama verən PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev divizionun aqibəti barədə müzakirələrin davam etdiyini bildirib:

"AFFA, PFL və Klublar Komitəsinin birgə keçirdiyi iclasın prioritet mövzusu Premyer Liqa və Azərbaycan Kubokunun bərpası ilə bağlı müzakirələr idi. İclasın yekunu ilə bağlı AFFA və PFL –in rəsmi saytına ətraflı məlumat yerləşdirilib. I Divizionun aqibəti ilə bağlı hələ ki, konkret qərar yoxdur. AFFA ilə birgə bu məsələdə də müzakirə olunur. Konkret qərara gəldikdə yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, hazırda I Diviziona 18 turdan sonra 37 xal toplayan "Turan Tovuz" komandası rəhbərlik edir. "Səbail-2" 36 xalla ikinci, "Zaqatala" isə 35 xalla üçüncüdür.