"Səbail"in maaş azaltmaq təklifini qəbul etmədiyi üçün əvəzedici komandaya göndərilən Vüqar Bəybalayev əsas komandanın onlayn məşqlərində iştirak edib.
Bu isə yarımmüdafiəçinin yenidən əsas komandaya qaytarılması ilə bağlı fikirlərin yaranmasına səbəb olub.
26 yaşlı futbolçu Offsideplus.az-a açıqlamasında baş məşqçi Aftandil Hacıyevin qərarı ilə onlayn məşqlərdə iştirak etdiyini bildirib: "Əsas komanda ilə onlayn məşqlərdə iştirak edirəm. Aftandil müəllim sağ olsun ki, buna etiraz etmədi. Əsas məşqlərdə belə olub-olmayacağım barədə dəqiq bir fikrim yoxdur. "Səbail"lə sözləşməm mövsümün sonunda bitir. Maaşımının verilməsində bir az sıxıntılar var. Lakin klub rəhbərliyi tədricən bu məsələni yoluna qoyur. Sağ olsunlar!".
Vüqar Bəybalayev ev şəraitində müntəzəm məşq etdiyini də vurğulayıb: "Karantin müddətində onlayn məşqlərdən əlavə özüm də hər gün müntəzəm fiziki hazırlıqlar edirəm. Bağ evində yaşadığım üçün həyətimizdə məşq üçün yaxşı şəraitim var. Bundan lazımınca istifadə edirəm. Özümü hazır hiss edirəm. Çempionat bərpa olunsa, şans veriləcəyi təqdirdə komandaya əlimdən gələn köməyi etməyə hazıram".
Qeyd edək ki, qış fasiləsində "Səbail" rəhbərliyi Vüqar Bəybalayevə maaşının azaldılmasını təklif etmişdi. Məbləğ böyük olduğu üçün razılaşmayan yarımmüdafiəçi əvəzedici komandaya göndərilmişdi.