AFFA Klublar Komitəsinin mayın 14-ündə baş tutan videokonfransında klubların testdən keçirilmə məsələsi müzakirə olundu. Federasiya tərəfindən klublara prosesin təşkili üçün maddi yardım göstərildi. Mayın 18-ində karantin rejimi yumşaldılsa da, məşqlərin bərpasına icazə verilmədi.
Məşqlər bərpa olunmadan koronavirus testinin götürülməsinə münasibət isə birmənalı olmadı. “Məşq başlayana qədər yenidən yoluxma ola bilər”, “məşq vaxtı bilindikdə test götürülsə, daha yaxşı olar” kimi fikirlər səsləndirildi.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Offsideplus.az-a açıqlamasında test götürülməsinin günün tələbi olduğunu vurğulayıb:
"Pandemiya müddətində testlərin götürülməsi günün əsas tələblərindəndir. Oyun olmasa belə, mövcud şəraitlə əlaqədər bu addımın atılması qanunauyğundur. Komandaların məşqi bərpa etməsi üçün ilk növbədə klub əməkdaşları və futbolçuların sağlıq durumu yerində olmalıdır. Məşqlər bərpa olunmadan testlərin götürülməsinə gəlincə, AFFA Klublar Komitəsinin iclası ərəfəsində məşqlərin bərpası məsələsi gündəmdə idi. Bu baxımdan AFFA tərəfindən klublara tövsiyyə edildi, bunun üçün klubların hesabına vəsait də köçürüldü. Bir çox klublar da bu işə müsbət yanaşdılar və testdən keçdilər. Bir daha qeyd edirəm, testin götürülməsi günün tələbidir, federasiyanın fikri yox”.
Çempionatı başlayan liqalarda hər oyundan əvvəl komandalarda futbolçular, məşqçilər və digər əməkdaşlardan test götürülür. Fərqli çempionatlarda nəticə pozitiv olacağı təqdirdə, ona uyğun həll yolları öz əksini tapır. Bizdə testin nəticəsi pozitiv olacağı halda hansı addımlar atıla bilər? Bu barədə hansı variantlar üzərində düşünülür? suallarına federasiya rəsmisinin cavabı belə oldu:
“Hələki müzakirələr məşqlərin bərpası ilə bağlıdır. Bərpa olunduqdan sonra bu və digər məsələlər müzakirə olunacaq. Dünyanın bir çox ölkələrində koronavirusla əlaqədər olaraq idman qaydalarında dəyişikliklər edilib, təlimatlar hazırlanıb. Azərbaycanda da pandemiya dövründə futbol, eləcə də digər növlərlə bağlı tibbi təlimatlar hazırlanır. Premyer Liqa bərpa olunduqda Operativ Qərargahın tövsiyələrinə əməl olunacaq”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də dayandırılıb.