“Qarabağ” klubu karantin rejimi günlərində ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlərə dəstək nümayiş etdirərək, Ağdam rayonunda aztəminatlı ailələrə kömək məqsədilə ərzaq yardımı paylayıb.
Offsideplus.az xəbər verir ki, klubun rəhbərliyi, məşqçi və futbolçular rayon ərazisində 1500 aztəminatlı ailə ilə görüşərək, ərzaq bağlamaları təqdim ediblər.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov məcburi köçkünləri daim düşündüklərini bildirib:
"Klub olaraq qərara gəldik ki, Ağdam rayonunda aztəminatlı ailərə yardım göstərək. Biz birlikdə güclüyük! Rayon sakinləri, məcburi köçkünlər bilsinlər ki, biz daim onların yanındayıq, onları düşünürük, onlar üçün oynayırıq".
Qurbanov karantin günlərində komanda heyəti ilə mütəmadi əlaqə saxladıqlarını deyib:
“Futbolçular hamısı öz evindədir. Onlarla görüntülü danışıqlarımız, görüntülü məşqlərimiz olur. Çalışırıq ki, futbolçularımızın fiziki hazırlığını daim diqqətdə saxlayaq”.
Qeyd edək ki, Ağdam ziyarətində "Qarabağ"ın direktoru Emrah Çelikel, kapitan Rəşad Sadıqov, həmçinin, digər futbolçular - Maksim Medvedev, Qara Qarayev və Mahir Emreli iştirak edib (AzerTAC).