Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev UEFA-nın milli çempionatlarla bağlı son qərarına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, R. Musayev "Report"a açıqlamasında bu istiqamətdə hansısa qərar qəbul etmək üçün ilk növbədə, ölkədə koronavirusa görə yaranmış vəziyyətin düzəlməyini gözləmək lazım olduğunu bildirib: "Bu dəqiqə çempionatın davam etdirilib-etdirilməyəcəyi barədə nə isə demək yanlış olar. Bizi daha çox insanların sağlamlığı maraqlandırır. Hər şey normal olsa, klubları bir araya yığıb qərar verəcəyik. Amma vəziyyət pisləşsə, çempionat ləğv oluna bilər. Çempionat dayandırılsa, birinci yerin sahibi çempion kimi Çempionlar Liqasına, 2 və 3-ü yerləri tutanlar isə Avropa Liqasına yollanacaq. Yeganə məsələ kubokun qalibi ilə bağlıdır. Düşünürəm ki, oyun sayı az olduğundan, kubok matçlarını keçirmək olar".
PFL prezidenti Avropada futbol tamamilə dayanarsa, Azərbaycanda çempionat keçirməyin mənasız olduğunu söyləyib: "İnsanların həyatını riskə atmağa dəyməz. Hazırda gözləmə mövqeyindəyik. Təki ölkəmizdə hamının səhhəti yaxşı olsun, ondan sonra qərar verərik. Bayaq səsləndirdiyim fikirlər sadəcə ehtimaldır. Dəqiq nə isə deyə bilmərəm".
Qeyd edək ki, 20 turdan sonra 45 xalı olan "Qarabağ" turnir cədvəlinə başçılıq edir. "Neftçi" 37 xalla ikinci, "Keşlə" 30 xalla üçüncüdür.