Azərbaycan Premyer Liqasında XIX turun "Neftçi" - "Səbail" qarşılaşması 1-1 hesablı bərabərliklə yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov oyunsonrası mətbuat konfransında standart vəziyyətdən buraxılan qola görə məyusluğunu gizlətməyib:

"Oyunun çətin keçəcəyini bilirdik. Oyunçulara sona qədər oynamağı tapşırmışdıq. Son dəqiqələrdə etdiyimiz səhv bizə baha başa gəldi. Hesabda geridə olan komanda daha istəkli davranır. Standart vəziyyətdən qol buraxmaq xoş olmadı. Çalışacağıq növbəti oyunlarda qələbə qazanaq".

- "Neftçi" bir real qol epizodlarını dəyərlədirə bilmədi, əvəzində qol buraxdı...
- Futbolda belə şeylər olur. Standart vəziyyətdən qol buraxmaq arzuedilməzdir. Qol epizodlarından yararlanmaq vacibdir ki, daha rahat oynaya biləsən. Bizdə bu alınmadı.

- Ömər Buludov son oyunlarda səhvlərə yol verir.
- Ömər daha ciddi və diqqətli olmalıdır. Belə səhvlər etmək olmaz. Onunla və digər oyunçularla bu barədə söhbətlərimiz olur. Ömər çalışmalıdır oyunda konsentrasiyasını itirməsin.

- Futbolçular komanda oyunu yox, fərdi oyuna üstünlük verirlər. Bu nə ilə əlaqəlidir?
- Komanda şəklində oynamadığımız fikri ilə razılaşmıram. Futbolçular sonluqları yaxşı etmirlər. Hər oyundan sonra analiz aparırıq.

- Siz məşqçi olduqdan sonra Səlahəti Aqillə əvəzlədiniz. Aqilin qol epizodundakı səhvi yenidən Səlahətə şans verməyinizə səbəb ola bilərmi?
- Hər 2 qapıçımız səviyyəlidir. Həm Aqilə, həm də Səlahətə çox güvənirəm. Hansısa oyunçunun meydanda olması mən ona güvənir, digərinə güvənmirəm demək deyil. Qarşıdakı oyunlarda növbəli şəkildə hər ikisini meydanda görəcəksiniz.