Futbol üzrə İngiltərə yığmasının və “Tottenhem”in yarımmüdafiəçisi Dele Allinin sosial şəbəkələrdən birində paylaşdığı video ona çox ciddi problem yaradıb.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı futbolçu “Snapchat”da Çində meydana gələn və bütün dünyanı qorxu içində saxlayan koronavirusla bağlı asiyalı insanlarla zarafat etmək istəyib. Zarafatın birmənalı qarşılanmadığını görən futbolçu az sonra həmin videonu silmək məcburiyyətində qalıb. Daha bir video paylaşaraq üzr istəyib:
“Bunun gülməli olmadığını başa düşərək videonu sildim. Özümü və klubumu pis vəziyyətdə qoydum. Başa düşürəm ki, bu durum zarafat mövzusu deyil. Bütün sevgimi, düşüncələrimi və dualarımı Çindəki hər kəsə göndərirəm”.
İngiltərə Futbol Assosiasiyası futbolçunun hərəkəti ilə bağlı araşdırmaya başlayıb. Federasiyanın Dele Allini 2 oyunluq cəzalandıracağı istisna edilmir.
Qeyd edək ki, hazırda 40 mindən çox insanda koronavirus aşkarlanıb, 1000-ə yaxın şəxs isə bu xəstəlik səbəbindən dünyasını dəyişib. Çində bu xəstəliyə tutulan insanların evlərinin qapısı qaynaqlanır.