"Oyun yaxşı və maraqlı alındı. Süni örtüklü meydançada oynasaq da, deyə bilərəm ki, qələbə qazanmağa layiq idik".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Ruslan Qurbanov deyib. Azərbaycan Premyer Liqasının XX turunda səfərdə "Keşlə"nin qonağı olan "qırmızı-qaralar" 1:1 hesablı nəticə əldə ediblər. Matçdan sonra jurnalistlərin suallarını cavablandıran millimizin üzvü nəticədən razı qalmadığını, oyunun baş hakiminin kobud səhvlərə yol verdiyini bildirib:
"Oyunun sonlarına yaxın qol vurduq, hakim oyundankənar vəziyyət iddiası ilə qeydə alınmadı. Əminliklə deyə bilərəm ki, orada oyundankənar vəziyyət yox idi, təmiz qol vurmuşdum. Hamının səhvi ola bilər. Penalti epizodu ilə bağlı dəqiq fikir bildirə bilmərəm. Oyun vaxtı görməmişdim, amma paltardəyişmə otağında təkrara baxdım. Deyə bilərəm ki, hakim orda da yanlış qərar verdi. Əgər penalti yox idisə, onda Ozobiçə də simulyasiyaya görə sarı vərəqə göstərməliydi. Hakim isə bunu etmədi. Belə şey heç yerdə olmur. Xal itirdiyimizə görə əhvalımız korlandı".
Ruslan komandasının son zamanlardakı uğursuz çıxışını belə şərh edib: "Əlbəttə, bu durum bizi narahat edir. Hər oyunda qələbə qazanmaq istəsək də, alınmır. Artıq bütün komandalar yaxşı oynamağı bacarırlar".
Qurbanov hakimin "Qəbələ"yə qarşı qərəzli qərarlar verməsi ilə bağlı sualı belə cavablandırıb: "Deyə bilmərəm ki, hakim bizə qarşı qərəzli idi. Dediyim kimi, hər insan səhv edə bilər. Amma belı açıq-aşkar səhvlər yolverilməzdir. Hakimləri ittiham etmək istəmirəm. Onların sədri var, qoy, o özü qərar versin. Sadəcə, onlar bizim qələbəmizi, 3 xalımızı, çörəyimizi əlimizdən aldılar".
Millimizin üzvü "Qəbələ"nin çempionluq şanslarını dəyərləndirib: "Bu barədə danışmaq istəmirəm. Hamımız bilirik ki, "Qarabağ" hazırda Azərbaycann ən güclü komndasıdı. İnanmıram ki, "Qarabağ" bu qədər xal itirsin. Bizim əsas hədəfimiz hə oyuna qələbə üçün çıxmaqdı".