Peşəkar Futbol Liqasının (PFL) texniki idman şöbəsinin rəisi Elgiz Abbasov "Səbail"in üzvü Maykl Essyenlə bağlı maraqlı təəssüratını paylaşıb.
Offsideplus.az həmin paylaşımı olduğu kimi sizə təqdim edir:
"13 gün eyni oteli bölüşdüyümüz Maykl Essyenlə üzbəüz ilk dialoqumuz Antalya səfərinin 7-ci günü baş tutdu. Çünki futbolçu karyerasında son nəfəslərini dərsə də peşəkarlığını bütün varlığı ilə hiss edir. Onu ancaq məcburi hallarda – yəni yeməkdə, komandanın məşq üçün çıxışında görə bilərsiz. Bu hallar istisna olmaqla Essyen gözə dəymir.
Məşq çıxışı üçün demək olar ki, hər kəsdən öndə gələn yaşayan əfsanə ilə dialoqumuz ümumi tanışlıqdan sonra belə bir sualla start götürdü: “olar mən nömrəmi dəyişim?
Sualı başa çatandan sonra gözlərim bir anda onun gözləri boyda oldu. Zarafat deyil, qarşında yaşayan əfsanə, 10 il Premyer Liqada yüksək səviyyədə futbol oynamış, bütün həyatını Çempionlar Liqasında keçirmiş, Avropa Liqasında debütünü Azərbaycanda etmiş, bizim toxunmaq həsrətində olduğumuz Çempionlar Liqası kubokunun qalibi vardı…
Bütün bu titulların sahibi və bu qədər sadəlik… Açığı özümdən asılı olmayaraq, “əlbəttə, əlbəttə ki olar” cavabını verdim. Nömrə dəyişikliy deyəsən ona düşərli olub. Qayıdandan sonra “Səbail”in orta xəttini 10 nömrə olmasa da, ümumi səliqəyə salıb.
Söhbət zamanı çox şeylərdən danışdıq və onun niyə bu qədər zirvələri fəth etdiyinə bir neçə dəqiqəlik olsa da, şahidlik etdim.
Son yoxlama oyunundakı mənzərəni isə görməyə dəyərdi. “Səbail”in son oyununu keçirdiyi arenada yeniyetmələrin turniri vardı. “Esyenmi burda?” sualından sonra tribunalar bir anda doldu. Açığı, qarışıq hisslər yaşayırdım. “Səbail”in çempionat oyunundakı azarkeş sayından daha çox azarkeş gördüyüm üçün üzülürdüm, digər tərəfdən Azərbaycan klubunun maraq dairəsində olmasına sevinirdim. Sözsüz ki bu ajiotaj Essyen üçün idi, Ruslan Hacıyev, Ədilxan Qarəhmədov, Turan Manafov və ya Əli Sadıxov üçün deyildi. Amma bu mənzərə adlarını çəkdiyim gənclər üçün örnək olmalıdır. Esyenin yerində olmaq üçün onunla şəkil çəkdirib paylaşmaqdansa, onun necə deyərlər, tökdüyünü yığmaq və təcrübəsindən maksimum yararlanmaq lazımdı. Esyen böyük mənada Azərbaycan futboluna nə verəcək sualı bir başqa söhbətin mövzusudu. Amma o faktdır ki, “Səbail”də çoxalan gənclər üçün “10 numara” canlı bir örnək var. Ondan yararlanmaq lazımdır"