"Qarabağ" klubunun futbolçusu Maksim Medvedev Azərbaycan Premyer Liqasının 15-ci turunda "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra brifinqdə jurnalistərin suallarını cavablandırıb.
O, ilk olaraq oyunla bağlı fikirlərini bölüşüb:
- Gördüyünüz kimi, oyun ağır keçdi. Daha çox qol imkanları yarada biləcəyimizi düşünürdük. Amma təəsüf ki, alınmadı. Oyun istədiyimiz kimi getmədi. Rəqib çox yaxşı müdafiə olunurdu. Amma əsas odur ki, qol vurduq. Bir az fərqli qol alındı. Həmişə fikirləşirsən ki, taktikanı necə qurasan, qol vurasan. Burada isə bir az başqa cür oldu. Ancaq yenə də 3 xal qazana bildiyimiz üçün sevinirik.
- Sizcə, komanda Antalyada istədiyi keyfiyyətli hazırlığı keçə bilib?
- Bəli. Baxmayaraq ki, oraya cəmi 14-15 günlük getmişdik, amma əsas işimizi gördük, oyunlar keçirdik. Kifayət qədər vaxt var idi. Hər şey normal keçdi.
- Maykıl Essyen "Səbail"ə gələndən sonra bəlkə də ən yaxşı oyununu bu gün oynadı. Sanki o, meydançadan çıxandan sonra "Qarabağ" orta sahədə üstünlüyü daha çox ələ keçirdi...
- Deməzdim ki, Essyenin çıxması və ya qalması ilə oyun dəyişib. Onu tanıyırıq. Çox təcrübəli futbolçudur və 1-ci hissədə öz gücünü ortaya qoya bilirdi. Amma unutmayaq ki, artıq yaşı da çoxdur. Ona görə 90 dəqiqə ərzində eyni güclə oynamaq Essyen üçün çətindir. Onun əvəzinə meydança çıxan futbolçunun da zəif olduğunu demək olmaz. Sadəcə oyun tərzi bir az dəyişir.
- Dani Kintana və Riçard Almeydanın yoxluğu "Qarabağ" üçün çətinlik yaradır?
- Onlar komandada olanda başqa cür mübarizə aparırdıq, topu daha çox saxlayırdıq. Amma bu gün oyun çox sürətli keçdi. İstəyirik ki, matçda dominant, üstün tərəf biz olaq. Bu da alındı. İnşallah, Dani də bu yaxınlarda qayıdacaq.
- Növbəti turda rəqib "Neftçi"dir. Komandada baş məşqçi dəyişikliyi olub. Deyilənə görə, atmosfer yaxşı deyil. Dünən "Sabah"ı məğlub edə bilmədilər. Oyunla bağlı nə düşünürsünüz?
- Rəqib kim olur, olsun, heç kim deyə bilməz ki, 3 xal qazanacağıq. Bu, absurddur. Şanslar bərabərdir. Düzdür, yeni baş məşqçi gəlib, bəlkə də komandada bəzi dəyişikliklər var. Amma yenə də "Neftçi" və "Qarabağ" arasındakı qarşılaşmalar həmişə maraqlı olub. Biz özümüz də gözləyirik ki, maraqlı olsun, azarkeşlərin də xoşuna gəlsin.