Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana Topaz Premyer Liqanın 19-cu turunun “Zirə” ilə oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, Ağdam klubunun 2:0 hesabı ilə qalib gəldiyi görüşdə hesabı açan ispan futbolçu əvvəlcə qalibiyyəti şərh edib:

- Oyun bizim üçün yaxşı başladı. Erkən qol vurmağımız lehimizə işlədi. Bir neçə dəqiqədən sonra ikinci topu rəqib qapısından keçirdik. Yavaş-yavaş oyuna nəzarəti əlimizə aldıq. Layiqli qələbə qazandıq.  

- Oyunun gedişində tez-tez mövqeyinizi dəyişirdiniz...

- Baş məşqçi mənə meydançada sərbəst oynamaq imkanı verir. Bəzən vəziyyətə görə mövqeyimi dəyişdim. Düşünürəm ki, bu gün çıxışım uğurlu alındı, qol da vurdum.

- Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsınız. Bu barədə nə deyə bilərsiniz?

- Bilirik ki, “Neftçi” hazırda yaxşı formadadır. Ardıcıl qələbələr qazanmağa başlayıblar. Amma biz meydana 3 xal üçün çıxacağıq. Məqsədimiz dəyişmir. Onları çətin vəziyyətə salmağa çalışacağıq.

- “Qəbələ” çempionluq yarışından tez qopdu. Bu, sizin üçün nə dərəcədə gözlənilməz oldu?

- Açığı, “Qəbələ”nin ardıcıl 2 oyunda xallar itirməsi gözlənilməz oldu. Amma heç kəsi hesabdan silmirik. Riyazı cəhətdən şansları hələ var. Biz mübarizəmizi davam etdirik. Addım-addım gedirik. Qarşıda 9 tur var. Yenə eynisini etməyə çalışacağıq.

- Sizcə, ön xəttdə Mahir Mədədotovun oynaması yaxşıdır, yoxsa Ramil Şeydayevin?

- Gəlin, belə məsələlərə girməyək. Bununla bağlı qərarları baş məşqçi verir. Komandamızdakı bütün hücumçular bizim üçün önəmlidir. Məşqçi bu gün Ramili start heyətdə meydana buraxdı. Belə qərarlar baş məşqçiyə məxsusdur.