Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev İctimai Tv-də yayımlanan "Bol İdman" verilişində 2020-2021-ci il mövsümlərindən "Kəpəz" və "Turan Tovuz"un Premyer Liqada mübarizə aparacağını bildirib.

PFL prezidentinin açıqlamasından sonra 2 sual yaranır: I divizionda yarış başa çatmadan hansı klubun Premyer Liqaya yüksələcəyini necə bilmək olar? AFFA-nın Lisenziyalaşdırma qrupu "Kəpəz" və "Turan Tovuz"a lisenziya veribmi?

Azərbaycan Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev Offsideplus.az-ın suallarını cavablandırarkən bildirib ki, Ramin Musayev əslində “Kəpəz” və” Turan Tovuz” komandalarının Premyer Liqada iştirakının futbolumuz üçün daha da yaxşı ola biləcəyini nəzərdə tutub:

"Öncə onu nəzərinizə çatdırım ki, jurnalistlər, azakeşlər, AFFA, PFL bir sözlə bütün futbol ictimaiyyəti Premyer Liqada daha çox komandanın, xüsusi ilə bölgə komandalarının iştirak etməyini arzulayır. Ramin Musayevin “Bol İdman” verilişindəki çıxışı tam olaraq belə idi:
Kənan Hakimov: “Bir açıqlamanızda nikbinlik var idi ki, növbəti mövsüm 2 komanda da artacaq və 10 komandalı çempionat izləyəcəyik”.
Ramin Musayev: “Bəli, inşallah növbəti çempionatda artıq, yəqin ki, “Kəpəz” və Tovuz komandası Premyer Liqaya gəlməlidir. Niyə? Sual verə bilərsiniz ki, niyə o iki komanda? Yəni futbolçuların ən çox yetişdiyi region var, sözsüz ki, başqa regionlarda da var futbolçularımız, hər halda bu günləri, mənim fikirimcə, bu belədir ki, o iki bölgədən gəlməlidir Premyer Liqaya. Nə qədər təndiqlər eşidirik ki, Bakı çempionatı keçirilir”.

Hər kəs kimi, çempionatda komanda sayının az olması PFL-i də düşündürür. İstər PFL, istərsə də AFFA daim Premyer Liqada komandanın sayının artırılması üçün yollar axtarır. Bu açıqlamada Ramin Musayev öz düşündüyünü, nəyin futbolumuz üçün daha da yaxşı ola biləcəyini açıqlayıb. Yəni yazıldığı kimi hər şeyin həll olunduğunun və “Kəpəz” və” Turan Tovuz” komandasının növbəti mövsüm Premyer Liqada çıxış edəcəyini rəsmi olaraq deyə bilmərik. Bunun üçün mövsümün sonunu və lisenzilalaşma prosesinin yekunlaşmağını gözləməliyik.

 Aslan Şahgəldiyev Premyer Liqada komandaların iştirakının AFFA-nın Lisenziyalaşdırma qrupunun qərarından sonra təsdiqləndiyini xüsusi vurğulayıb:
"Nəinki “Kəpəz” və “Turan Tovuz” Premyer Liqada iştirak edən 8 komanda və I Divizionda iştirak edən 6 komandanın heç biri hələ ki, lisenziya almayıb. Çünki hələ lisenziyalaşma prosesi başa çatmayıb. Bu proses demək olar ki, bütün mövsümü əhatə edir və mart ayının sonunda yekunlaşır. Bunun nəticəsində komandalara yarışlarda iştirak etmək üçün lisenziyalar verilir. Həttə bu mövsüm Premyer Liqada iştirak edən komandaların növbəti mövsümdə Premyer Liqa və avrokuboklarda iştirakı lisenziya sənədlərini qüsursuz təqdim etmələrindən asılıdır. Bütün bu proseslər bitdikdən sonra biz növbəti mövsümdən avrokuboklara hansı komandalarımızın qatılmağını və Premyer Liqa iştirakçılarının sayını biləcəyik".

 

Zeynəb Əliyeva