"Gəncləşdirmə siyasəti heyətə 1-2 futbolçu salmaqla olmur. Bunun üçün əsas millini buraxıb, U-21-nin üzvlərini meydana buraxmalısan".
Bu sözləri Offsideplus.az-a açıqlamasında Nazim Süleymanov deyib. Məşhur mütəxəssis millinin Avropa Çempionatının seçmə mərhələsindəki uğursuz çıxışını dəyərləndirib:
"Yurçeviçin göndəriləcəyi bəlli idi. Onun uğursuzluğunu gəncləşdirmə siyasəti kimi qələmə vermək doğru deyil. Hansı "nəsil dəyişmə"dən söhbət gedir başa düşə bilmirəm. Millinin heyətində təzəlikcə meydana çıxan Emil Balayev və Bəhlul Mustafazadə var. Səlahət zədələndiyi və bir neçə səhvə yol verdiyi üçün, Emil meydana çıxmağa başladı. Bəhlul isə həmin mövqedə futbolçu olmadığı üçün şans qazandı, özünü də göstərməyə başladı. 1 xal qazanmağı belə absurd fikirlərlə ört-basdır etmək doğru deyil".
Nazim Süleymanov millinin "nəsil dəyişmə" prosesi üçün yararsız olduğunu bildirib:
"Yığma komanda ölkə futbolunun ən yaxşılarının bir araya yığıldığı yerdir. Bura ancaq gəncləri yığmaq düzgün deyil. Ölkənin xaricdə təmsil edən və çempionatda özünü yaxşı tərəfdən göstərənlər milliyə dəvət almalıdırlar. Əgər bu oyunçularla nəsə əldə etmək olmursa, o zaman U-21 və U-19-dan yeni komanda formalaşdırılaraq meydana buraxılır. Bu da olur "nəsil dəyişmə".
Süleymanov Azərbaycanda kifayət qədər gənc yerli futbolçuların yetişdiyini də bildirib:
"Bizdə futbolçu yoxdur" demək doğru deyil. Mən U-19-da çalışanda nə qədər istedadlı oyunçular var idi. Onların bəziləri indi iddialı komandalardadır. Qalanlarının isə qarşısını kəsdilər və ya özlərinə komanda tapa bilmədilər. Belə olanda nə olur? Futbolçu əsgərliyə gedir və sonra karyerasını bitirir. Öz komandalarında forma şansı əldə edənlər belə güclə milliyə dəvət alırlar. Çoxsu da oynamağa komanda tapmır. Futbolçu oyununu göstərə bilmirsə, necə milli üçün formalaşsın? Bizdə güclü yerli uşaqlar var, amma Paşayevlər, Antonlar onların qarşısını alırlar".
Sultan Soy