"Neftçi"nin braziliyalı hücumçusu Dario Federiko Azərbaycan Premyer Liqasının 14-cü turunda səfərdə "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Çətin səfər oyunu idi. Buna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, ağır olacaq. Gözəl oyun nümayiş etdirdik. İstədiyimiz qolları vaxtında vuraraq, vacib qələbə qazandıq. Bu görüşdə qalib gəlməklə liderlə xal fərqini 6-ya endirdik. Bununla da göstərmək istədik ki, sona qədər çempionluq uğrunda mübarizə aparacağıq.
- "Neftçi" hazırda "Qarabağ"ı ötəcək gücdədirmi?
- Əlbəttə, "Neftçi" kifayət qədər potensiala sahib komandadır. Hər mövqedə güclü oyunçularımız var. Komandada böyük rəqabət var. Bu da bizə özünü daha yaxşı tərəfdən göstərməyə kömək edir. Sadəcə olaraq, yada salmaq istəyirəm ki, ötən il bu vaxtla indini müqayisə etsək, "Qarabağ"dan 5 xal üstünlüyümüz vardı. Qış fasiləsindən sonra isə "Qarabağ" bu fərqi aradan qaldıraraq çempionluğu qazandı. Bizdə də bu il hər şey ola bilər. Sona qədər mübarizə aparacağıq.
- Yayda komandaya qayıdandan sonra xüsusən avrokubokda göstərdiyiniz oyuna görə düşünürdük ki, "Neftçi"nin liderlərindən olacaqsınız. Amma ehtiyyatda qalırsınız. Bunun səbəbi nədir? Azarkeşlər də bu vəziyyətdən narazıdır.
- Komandaya xeyrim dəymir deməzdim. Bəzən qarşılaşmalar var ki, oyunun istədiyin kimi alınmır. Bəzi matçlarda da oyunun yaxşı alınmasa belə, komandanın qələbə qazanmasında hər hansısa bir payın, köməyin olur. Mənim üçün də əsas olan komandamın nəticəsidir. Bunun üçün çalışıram.
- Ötən qış gözlənilmədən "Neftçi"ni tərk etdiniz. Bu dəfə də ehtiyyatda qalırsınız. Eyni hal baş verə bilər?
- Futbol dinamik bir oyundur. Bütün dünyada belədir ki, futbolçuya maddi tərəfdən yaxşı təklif gələndə dəyərləndirmək istəyir. Ötən il də belə bir şey oldu. Mən də bunu dəyərləndirmək istədim və getdim.
- Çempionatda fasilə yaransa da, qarşıda kubok oyunları var. Mövsümün elə vaxtıdır ki, bu ərəfələrdə legionerlər tətil əhval-ruhiyyəsində olurlar. Bu məqam "Sumqayıt"la oyunlarda köklənmə baxımından hər hansı bir problem yarada bilərmi?
- Hərə özünə görə cavabdeh ola bilər. Mən düşünürəm ki, biz peşəkar klubun oyunçusuyuq. Son görüşə kimi peşəkar davranıb, hər bir matça ciddi yanaşmalıyıq. Oyunlar bitdikdən, növbəti mərhələyə yüksəldikdən sonra, tətil haqda düşünəcəyik.(qol.az)