"Oyunumuzdan razı qaldım. Futbolçular matça düzgün yanaşdılar. Son məğlubiyyətdən nəticə çıxarmışdıq. Qələbə çox vacib idi. Amma yaxşı oyun bundan daha önəmli idi. İlk dəqiqələrdən yaxşı çıxış etdik və layiqli qələbə qazandıq".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın 12-ci turunda "Qəbələ"yə qalib gəldikləri oyundan (4:1) sonra mətbuat konfransında deyib.
- Dabonun oynamamasının səbəbi nə idi?
- Zədəlidir.
- Hesaba baxsaq, rahat qələbə qazandığınızı deyə bilərikmi?
- Futbolda asan qələbə olmur. Bunun üçün döyüşmək lazımdır. Futbolçular bunun öhdəsindən gəldilər.
- Platellas ilk vaxtlar davamlı olaraq start heyətdə yer alırdı. İndi isə daha çox ehtiyatda qalır. Buna səbəb nədir?
- Bu, məşqçi heyətinin seçimidir. Həftəboyu məşqlərə baxıb, buna uyğun heyəti müəyyənləşdiririk. Platellas oynayan vaxtlarda da, başqa bir futbolçu ehtiyatda qalırdı. Onun qol vurmasına görə çox sevinirəm. Oyuna sonradan daxil olanda komandaya fayda verməyə çalışır. Bu gün əziyyətinin bəhrəsini gördü.
- Stankoviçi Mbodjla əvəzləməyiniz nə ilə bağlı idi?
- Bu gün meydana sonradan çıxan hər üç futbolçu oyuna yaxşı qoşuldu. Stankoviçdə yorğunluq görünürdü. Buna görə də onu əvəzlədik.
- Geryenin tam formada olmadığı görünür, sanki ümumi ansambldan geri qalır. Onun əvvəlki kimi oynaması üçün nə qədər zaman lazımdır?
- Onun komandadan geri qaldığını necə görürsüz ki?
- “Qarabağ”dakı Geryeyə bənzəmir.
- Normal haldır. Komanda ilə təlim-məşq toplanışında olmayıb. Bu səbəbdən fiziki forması pik həddə olmaya bilər. Bunun üzərində işləyirik ki, formasını bərpa etsin.(qol.az)