Uels Futbol Federasiyasının prezidenti Kiran O Konnor sualları cavablandırıb.
- Noyabrın 16-da Azərbaycan və Uels yığmaları arasında keçiriləcək AVRO-2020-nin seçmə oyunu ilə bağlı fikirləriniz necədir?
- Bu, bizim üçün çox vacib oyundur. Qalib gəlməliyik. Bizə mərhələ atlamaq üçün xallar lazımdır.
- Uzunmüddətli zədədən sonra yığmaya qayıdan Aaron Remsi və Qaret Beyl hazırda lazımi formadadırlar?
- Onların hər ikisi buradadır. Oynayıb-oynamayacaqları ilə bağlı qərarı baş məşqçi Rayan Giqqz verəcək. Nə dərəcədə hazır olduqları barədə isə fikir səsləndirə bilmərəm. Hər halda komanda ilə məşq edirlər. Hazırlıq səviyyələrini sabahkı oyunda biləcəyik.
- Uelsdəki qarşılaşmada çətinliklə qələbə qazanmışdınız. Yenə eyni hal təkrarlana bilərmi?
- Xeyr. Çünki bu, başqa bir oyundur. Sentyabrda Azərbaycan yığmasına qələbə topunu vurmaqda problem yaşamışdıq, amma bu, artıq keçmişdə qalıb. Hər şeyi 90 dəqiqəlik mübarizənin yekunu göstərəcək.
- Bu, sizin Bakıya ilk səfərinizdir?
- Xeyr, ikincidir. İlk səfərim 2009-cu ilə təsadüf etmişdi. Həmin vaxt Uels yığması dünya çempionatının seçmə oyununda 1:0 hesabı ilə qalib gəlmişdi.
- O vaxtdan hansı dəyişikliklər müşahidə etdiniz?
- Öncə qeyd edim ki, həmin vaxt görüş daha böyük stadionda keçirilmişdi (Tofiq Bəhramov adına Respublika stadionunda - red.). Hazırkı stadion ("Bakcell Arena") isə düşündüyümdən daha balacadır. Amma bu, daha yeni arenadır, əvvəl oynadığımızdan fərqlidir. Bakı isə təmiz və gözəl şəhərdir, hazırda çox müasirdir.
- Federasiya prezidentliyindən əlavə hansı işlə məşğul olursunuz?
- Bu vəzifəyə 2018-ci ilin avqustunda seçilmişəm. Hazırda təqaüddəyəm, çünki işləməyə vaxtım yoxdur. Fikrimi futbola cəmləmişəm. Bir növ həyatımı rahatlaşdırmışam.
- Federasiyanızın maddi imkanları necədir?
- Bizim "Bitish Telecom" kimi yeni sponsorumuz var. Teleyayımdan gələn gəlir kifayət qədər yüksəkdir. Varlı federasiya deyilik. Daha çox gənc futbolçuların yetişməsinə investisiya qoyuruq.
- Oyunla bağlı proqnozunuz necədir?
Biz udmalıyıq.
- Hansi hesabla?
- 1:0-a da razı olardim. Qolu neçənci dəqiqədə vurmağın fərqi yoxdur. (Report)