Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç Uelslə sabah keçiriləcək AVRO-2020-nin seçmə mərhələ matçı öncəsi fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, xorvat mütəxəssis heyətdəki itkilərə rəğmən optimist olduğunu bildirib:


"İlk öncə qeyd edim ki, komanda daxili ab-hava yaxşıdır. Komandanın heyətində bir neçə itki var. Eddi, Rüfət, Mahir oyunda iştirak etməyəcək. Maksimin də zədəsi var, oynamamaq ehtimalı var. Çalışacağıq ki, əsas heyət oyunçularının boşluğunu dolduraq. Yaxşı nəticə əldə edək. Məni ümidli edən son 4 oyunun analizidir. Son dəqiqələrə qədər yaxşı oynasaq da, son anda qol buraxdıq. Təəssüf ki, son oyunda hakim haqsızlıq edib xalımızı oğurladı. Heyətə gəlincə, bunu sabah dəqiqləşdirəcəyik. Oyuna kim hazırdırsa, o da meydanda olacaq".

Xatırladaq ki, sabah "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlayacaq.