Azərbaycan kubokunun 2019/2020-ci illər mövsümündə 12 komanda çıxış edəcək. I divizionda mübarizə aparan "Turan Tovuz", MOİK kimi klublar da kubok yarışına qatılmadılar. Qonşu Gürcüstanda ölkə kubokunda 32 komandanın gücünü sınaması Azərbaycan futbolunun hansı səviyyədə olmasından xəbər verir.

Offsideplus.az xəbər verir ki, Region Liqasının bir çox komandası kubokda çıxış etmək istəsə də, onlara müsbət cavab verilməyib. Ardıcıl 2 il Liqanın qalibi olan "Uğur"un baş məşqçisi Qəzənfər Abbasov ölkə kubokuna qatılmaq istədiklərini deyib:

 

"Mən hələ ötən mövsüm komandamızın kubokda iştirakına icazə verilməsini istəmişdim. Təəssüf ki, nə keçən il, nə də bu il bizə belə şərait yaradıldı. Region Liqasında kuboka rəng qatacaq komandalar var. Ümid edirəm ki, nə vaxtsa bizdə də həvəskar statusu daşıyan komandaların kubokda iştirakı təmin ediləcək".

Qusar "Şahdağ"nın çalışdırıcısı Kamran Əlibabayev də kubokda oynamaq arusunda olduqlarını bildirib:

"Böyük məmuniyyətlə ölkə kubokuna qatılardıq. Bir çox ölkələrdə həvəskarlar liqasında çıxış edən komandalara da kubokda mübarizə aparmağa şərait yaradırlar. Amma nədənsə bizdə buna imkan vermirlər. Sonra da deyirlər ki, ölkə kubokunda iştirakçı azdır.

Aylar, illər ötəcək, həvəskar futbolçu karyerasını başa vurandan sonra övladlarına, nəvələrinə vaxtilə Miçelə, Daboya qarşı oynadığını, həmin matçdan çəkilən şəkilləri göstərib "bu həmin "Qarabağ" idi ki, 6 il avrokubokların qrupunda çıxış etmişdi" deyəcək. Heç olmasa ölkə kubokunda Azərbaycan futbolunun coğrafiyasını genişləndirmək olardı. Məncə, bu məsələdə Region Liqasının təşkilinə cavabdehlik daşıyan şəxslərin də günahı var. Onlar AFFA, PFL rəhbərliyinə deməliydilər ki, həvəskar komandalara da kubokda iştirak imkanı yaradılsın". (Futbol+)