"Qarabağ"ın qapıçısı Asmir Beqoviçin müqavilə ilə məxsus olduğu "Bornmut" Aron Ramzdeyllə bağlı qərarını verib.
Premyer Liqa təmsilçisi 21 yaşlı qolkiperlə yeni müqavilə imzalayıb. Ötən iki ili aşağı liqa təmsilçilərində icarə əsasında keçirən və cari mövsümdən əsas komandada çıxış etməyə başlayan Ramzdeyl artıq bir nömrəli qolkiperə çevrilib.
Beqoviçi əsas heyətdən sıxışdıran və "Qarabağ"a yollanmasına səbəb olan gənc qapıçı komandası ilə uzunmüddətli sözləşməyə qol çəkib. İkinci qapıçı Artur Boruçun da müqavilə müddətinin mövsümün sonuna qədər olması "Bornmut"un əlavə qolkiperə ehtiyac duymayacağı anlamına gəlir.
Bu da o deməkdi ki, "Bornmut" "Qarabağ"ın qış fasiləsinə qədər icarəyə götürdüyü Beqoviçi yanvarda yenidən icarəyə götürməsinə və ya birdəfəlik transfer etməsinə şərait yaradacaq. Beqoviçin "Bornmut"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdir. // Sportinfo.az