Futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilmiş “Keşlə” – “Sabah” matçından sonra qalmaqal baş verib. Matçın final fiti səslənən kimi qonaqların futbolçusu Təmkin Xəlilzadə hakimlərin üzərinə yeriyib

Futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilmiş “Keşlə” – “Sabah” matçından sonra qalmaqal baş verib. Oyunun final fiti səslənən kimi qonaqların futbolçusu Təmkin Xəlilzadə hakimlərin üzərinə yeriyib.

Azərbaycan millisinin cinah oyunçusu əl-qol hərəkətləri ilə baş hakim Kamal Umudluya etirazını bildirib. Onu komanda yoldaşları və polislər sakitləşdiriblər. Referi isə Xəlilzadəyə qırmızı vərəqə göstərib.

Qeyd edək ki, matç 1:1 hesablı heç-heçə ilə nəticələnib. 90+3-cü dəqiqədə “Sabah”ın daha bir futbolçusu Filip İvanoviç də ikinci sarı vərəqə alaraq meydandan qovulub.

İvanoviçdən fərqli olaraq, Təmkini təmkinsiz davranışına görə ağır cəza gözləyir. Onu həm AFFA İntizam Komitəsi cəzalandıracaq, həm də klubu. Xüsusilə klub rəhbərliyinin millimizin üzvünə hansı cəzanı verəcəyi maraqla gözlənilir.

Xatırladaq ki, “Sabah” Təmkini ötən mövsüm də uzun müddət əsas komandadan uzaqlaşdırmışdı. O, yalnız bu mövsümün əvvəlində bağışlanmış və komandaya qaytarılmışdı.(matc.az)