Türkiyə Superliqasının VI turunda keçirilən "Qalatasaray" - "Fənərbaxça" oyunu zamanı qonaq komandanın hücumçusu Maks Kruzenin hərəkəti nəticəni kölgədə qoyub.
Almaniyalı futbolçunun oyunun əvvəlində Türkiyə himnini oxuması müzakirə mövzusuna çevrilib.
"Beyaz TV"də yayımlanan "Beyaz Futbol Proqramı" verilişində Sinan Engin "Kruzeyə istiqlal marşını Acun Ilıcalı öyrədib" deyib. Digər şərhçi Ahmet Çakar isə almaniyalının bununla hokkabazlıq etdiyini düşünür.
Daha sonra verilişə canlı yayımla bağlanan tanınmış aparıcı Acun Ilıcalı bu tənqidlərin haqsız olduğun söyləyib: "Maks Kruze 30 dəfə Almaniya yığmasının formasını geyinmiş futbolçudur, şou göstərməyə ehtiyacı yoxdur. Görünür, Almaniyada bizim vətəndaşları sevib. Hər yerdə irqçilik var, amma biz əcnəbilərlə mehribanıq. Azərbaycanda oynasam, oranın himnini oxuyaram. Biri çıxıb mənə şarlatan desə, bütün həvəsim qırılar. Kruze türkcə danışmağa başladı, insanlarımızı sevir. Bu gözəllikdən hoqqabazlıq çıxarsaq, insanlar bizi necə sevəcək? Bu insan sabah Almaniyaya gedəndə Türkiyə haqda danışacaq. Bir almanın gedəndən sonra "məni gözəl qarşıladılar" deməsi yaxşı olmaz?"
Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" oyunu qolsuz bərabərliklə nəticələnib.