"Maykl Essyen hər yerdə ola bilər. Çünki futbolu sevirəm, səyahət edirəm və buna görə narahat deyiləm. Küçələrdə oxşar şəraitdə karyerama başladım. Və heç nə məni təəccübləndirməz".
Bunu "Səbail"in ulduz futbolçusu Maykl Essyen deyib.
"Bombardir"in "youtube" kanalına müsahibə verən 37 yaşlı yarımmüdafiəçi təvazökar fikirlər səsləndirib: "Hər kəs fərqli davranır. Düşündüyünüz qədər zəngin deyiləm. Mən sadəcə, futbolçuyam və böyük klubda, böyük şəhərdə oynamaq imkanım olduğu üçün xoşbəxtəm. Hardan gəldiyimi xatırlayıram, evə getməyi, anam və bacılarımla vaxt keçirməyi xoşlayıram. Çox sakit və sadə insanam. Özümü məşhur hiss etmirəm. Müsahibə verməkdən və çox danışmaqdan xoşum gəlmir".
Qana millisinin sabiq üzvü "Səbail"də olmağının əsas səbəbini də açıqlayıb: "Səbail"də olmağımın əsas səbəblərindən biri odu ki, mənə U-19 komandasına kömək etmək və məşqçi kimi özümü inkişaf etdirmək imkanı verildi. Bu komandanı izləməkdə maraqlıyam. Düşünürəm ki, bu təcrübə məşqçi lisenziyası almağıma kömək edəcək. Ancaq böyük məşqçi olmaq istəmirəm. Sadəcə, gənclərin tərəqqisinə kömək etməyə çalışıram". (matc.az)