Qış fasiləsindən sonra 3 tur arxada qaldı.
Rəqabətsiz 8 komandalı çempionatda qeyri-adi heç nə baş vermir. Daha doğrusu baş verib artıq. "Neftçi"də növbəti rəhbər dəyişikliyi və daha bir mövsüm, zamanın udulması. Meydanda udmamaq da olar...
"Qarabağ" yenə bir ayaqla, rəqiblərinə yuxarıdan aşağı baxa-baxa növbəti çempionluğunu təmin edəcək. Belə durumda çempion olmağa nə var ki?! Bunda "Qarabağ" günahkar deyil, günahkar "Qəbələ", "Neftçi" kimi klublardır...
Qəbələlilər rəhbər, məşqçi, futbolçular olaraq ruhən çempionluğa hazır deyillər. Ötən mövsüm Qriqorçukun açıq bildirdiyi kimi, "komanda tarixində 2-ci olmamışdı" fikirinə bu mövsüm, əsas kubokdur düşüncəsi əlavə olunacaq. Hələ bilmək olmaz, belə oyunla "Neftçi" səddi keçiləcəkmi. Bəxtləri də gətirib.
Flaqmanın indiki durumu ilə başqa yolları da yoxdur. Əgər arxayınlıq olmasa. "Neftçi"nin isə az da olsa azarkeşləri önündə bəraət qazanması final və kubok ola bilər. İndiki vəziyyətlərində çətin görünsə də, flaqman flaqmandır.
"Zirə"də Ayxan Abbasov futbolçuları ilə tək qalıb. Klub öz ağırlığını ortaya qoya bilmir.
Sanki 3-cü yerin arxayınlığı yatırdıb onları. Toparlanmasalar o da əllərindən çıxa bilər...
"Keşlə"("İnter") tarixinin ən sönük, əlacsız görünən oyunlarını geçirir. Əcnəbi baş məşqçi "Sumqayıt"ın onlardan güclü olmasını etiraf etmək üçünmü Azərbaycana təşrif buyurub?!
Elə idisə elə yerli məşqçilərlə yol davam olunardı. Yoxsa kubok garşılaşmasını göz önünə gətirib "Sumqayıt"ın başının altına yastıqmı qoyulur?! Biri ona izah etsin ki, həmkarı Samir Abasov prezidentsiz, menecersiz qələbələrini qazanır. "Yastıq" onluq deyil...
Gəncə futbolunun ümidi gələn mövsümə qalıb.
Yəqin ki, illər öncə "Sumqayıt"a güzəşt olunduğu kimi bu mövsüm də heç kim liqanı tərk etməz. Onsuz da komanda qalmayıb. Bölgə klublarını isə gün işığında çıraqla tapmaq olmur...
Son turu Samir(lər) turu adlandırmaq olar.
Samir Əliyev "Neftçi"yə lazım olmayan futbolçular, 3-5 minlik legionerlər, kasad büdcədən şikayət etməyərək komanda quraraq məşqçilik potensialını göstərməkdədir. Qış fasiləsindən sonra taktiki planda da artırdığı görünür. Məşqçilər korpusu ilə belə davam etsə yaxın illərdə Azərbaycan futbolu daha bir iddialı məşqçiyə şahidlik edə bilər...
Samir Abasovun son durumu isə psixoloji baxımdan daha ağır, məsuliyyətlidir. Rəhbərsiz, şikayət, bəhanələr gətirmədən son iki turda maksimum xallar qazanaraq xarizmasını, "mən də varam" iddiasını göstərir. Avroliqa, kubokun final yolu gənc məşqçinin böyük futbolda ilk inamlı addımları olmalıdır...
Samir Abasov son turda "Allah bizə üç xalı pay verdi" fikirini bildirib. Yaradan düz yolda olanları, doğru yoldan dönməyənləri görür, sınayır və sonda layiqincə mükafatlandırır.
Düz yolda olmayanlara da yerini göstərir. Qış fasiləsindən sonra yaşıl meydanlarda göstərdiyi kimi...
Tahir SÜLEYMANOV