“Uelsdə öz qapımızda vurduğumuz da daxil olmaqla iki qəribə qol buraxaraq uduzduq. Bu, çox üzücü idi”.
Offsideplus.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov AVRO-2020-nin seçmə mərhələsində Uelsə səfərdə 1:2 hesablı məğlubiyyəti şərh edərkən tag24.de saytına deyib.
Almaniyanın “Aue” klubunda çıxış edən 29 yaşlı hücumçu final fitindən sonra rəqibin kapitanı Qaret Beyllə formasını dəyişməsinə də aydınlıq gətirib. O, təklifin İspaniyanın “Real Madrid” komandasının hücumçusundan gəldiyini vurğulayıb: “Beyl mənə yaxınlaşdı, çıxışımızı təriflədi və formalarımızı dəyişmək istəyib-istəməməyimi soruşdu”.
Nazarov millinin bu gün Bakıda Xorvatiya yığmasına qarşı keçirəcəyi oyun haqda da danışıb: “Dövlət himni səslənəndə, tüklərim biz-biz olur. Çətin oyun olacaq. İkinci divizion oyunçusu olaraq Luka Modriç və ya İvan Perişiç ilə nə vaxt qarşılaşırsan ki?”
Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya oyunu saat 20:00-da başlayacaq. (Report)