Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı keçiriləcək oyunda heyətlə bağlı bəzi dəyişiklər etməyə hazırlaşır. 

Offsideplus.az xəbər verir ki, əsas dəyişiklərdən biri qapıçı mövqeyi ilə bağlıdı. Belə ki, xorvatiyalı mütəxəssis bir neçə gün öncə baş tutan Uelslə matçda buraxılan qollar zamanı kobud səhvləri ilə yadda qalan Səlahət Ağayevdən imtina etməyə hazırlaşır. O, millinin əsas qapıçısı kimi Emil Balayevi sınamaq istəyir.

Bu fikirdə Dmitri Kramarenkonun da Yurçeviçlə həmrəy olduğu bildirilir. Hətta Kramarenko müəyyən dairələrdə Balayevi indidən millinin 1 nömrəsi kimi hazırlamaq gərəkdiyini bildirib.

Futbol ictimaiyyəti də Kamran Ağayevin millidən kənarda qalmasından sonra çərçivənin yalnız Səlahət Ağayevə həvalə olunmasından narazıdı. “Neftçi”nin qolkiperi ilə müqayisədə hazırda Qazaxıstanın “Tobol” klubunda legioner həyatı yaşayan, mütəmadi oyun praktikasına malik Emilin millidə oynamağı haqq etdiyi qeyd olunur.(Sportlife.az)