"Biz məsələyə real baxırıq. Uelslə matçda bir xal çox yaxşı nəticə olardı".
Bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Uelslə keçirəcəkləri AVRO-2020-nin seçmə qrup matçı barədə danışarkən deyib. Xorvatiyalı mütəxəssis rəqibin güclü futbolçulara malik olduğunu bildirib: "Uels güclü komandadır, futbolçuları İngiltərə Premyer Liqası, İspaniya La Liqası kimi tanınmış çempionatlarda çıxış edirlər. Qaret Beyl, Co Allen və Aaron Remzi kimi ulduz futbolçuları var. Zaqrebdə Xorvatiya bizə qarşı yaxşı, kompakt oynamışdı. Uels də, təxminən, Xorvatiyaya bənzər oyun üslubuna malikdir".
Yurçeviç heyətdəki problemlərdən də danışıb: "Rahil Məmmədov zədə üzündən heyətdən çıxarıldı. Mahir Emrelinin də kiçik problemləri var. İndidən dəqiq bir söz deyə bilmərəm. Mahirin vəziyyətinə sabah baxacağıq. Üç günlük hazırlıq prosesi müddətində komandanın ümumi durumuna, rəqibin çıxışına, İngiltərə, Slovakiya, Xorvatiya və Litvaya qarşı son matçlarda necə mübarizə apardıqlarına nəzər saldıq. Fikrimcə, komandadakı ab-hava və motivasiya yaxşıdır".
Baş məşqçi hazırda 3 mövqenin onu daha çox düşündürdüyünü bildirib: "Pavel Paşayev Ukrayna "Aleksandriya"sındakı kimi, müdafiənin sağında oynaya bilər, amma bu, 100 faiz deyil, sabahkı məşqdə bilinəcək. Anton Krivotsyuk və Bəhlul Mustafazadənin mərkəzdə, Şəhriyar Rəhimov və ya Təmkin Xəlilzadənin solda çıxış etmələri mümkündür. Rahilin yoxluğu hazırda bizim üçün problemdir. Çünki o, son bir ayda "Qarabağ"ın bütün oyunlarında yaxşı çıxış edib. Amma bu, futboldur. Fikrimcə, Məmmədovu əvəzləyəcək futbolçu da yaxşı oynayacaq". (report)