«Qarabağ»ın danışıqlar apardığı daha bir futbolçunun kimliyi məlum olub.
Qurban Qurbanovun alınmasını istədiyi yarımmüdafiəçi Lukas Silva Borjesdir. 26 yaşlı braziliyalı yerli «Kruzeyro»nun yetirməsidir. O, adıçəkilən klubun əsas heyətində 3 mövsüm (2012-2015) keçirib, 58 oyuna 3 qol vurub, iki dəfə Braziliya çempionu titulunu qazanıb.
Növbəti il «Real»a transfer olunan «sambaçı» Madrid komandasında 8 matça çıxıb. İspaniya nəhənginin düşərgəsində 6 ay qalan Lukas daha sonra Fransaya yollanıb.
22 dəfə «Olimpik»in (Marsel) formasını geyinən cənubi amerikalı 2017-ci ildə təkrar «Kruzeyro»ya dönüb. Lukas ölkəsinin U-20 və U-23 yığmalarının şərəfini qoruyub.
«Qarabağ» sözügedən yarımmüdafiəçini Avropa Liqası üçün sifariş etmək istəsə də, sənədlərdə yaranan problem üzündən bu, hələlik baş tutmayıb.
Qurbanov uzun müddətə sıradan çıxan Filip Ozobiçin yoxluğunu məhz onunla doldurmaq istədiyindən, adının Premyer Liqanın iştirak ərizəsinə salınması üçün danışıqlar davam etdirilir. (sportinfo.az)