Fransanın PSJ klubunun futbolçusu Neymar və İspaniya təmsilçisi "Barselona" bir-birilərini məhkəməyə veriblər.

Offsideplus.az AS nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu Paris təmsilçisinə keçməzdən öncə ispanlardan 40 milyon avro bonus almalı idi, ancaq bu məbləğin yalnız 14 milyonunu ala bilib. Braziliyalı oyunçu qalan pulu və 10 faiz təzminatı tələb edir. Kataloniya klubu isə sabiq futbolçusu Neymarın mövqavilə şərtlərini pozduğu üçün ondan 75 milyon avro istəyir.

Artıq bu məsələ ilə bağlı iş iki dəfə təxirə salınıb. Məhkəmə iclası əvvəlcə bu il yanvarın 31-nə təyin edilsə də, son anda təxirə salınıb. Növbəti proses isə martın 31-nə salınıb, lakin Neymarın vəkilləri onun PSJ ilə müqaviləsini üzə çıxartmaqdan imtina ediblər. Hakim məhkəməni sentyabrın 27-nə təyin edib.

Bildirilir ki, şahidlər arasında Fransa klubunun prezidenti Nasser Əl-Xəlafi də olmalıdır, baxmayaraq ki, o, əvvəl ifadə verməkdən imtina edib. 

Qeyd edək ki, Neymar 2 il əvvəl “Barselona”dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Paris klubu ilə 2022-ci ilədək müqaviləsi var.