"Neftçi”-nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın 2-ci turunun "Zirə” klubu ilə oyunusonrası mətbuat konfransında fikirlərini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis məğlubiyyətdə bəxtsizliyin də rol oynadığını bildirib:
"Oyunu təhlil etmək lazımdır. Rəqibə cəmi bir hücum şansı verdik ki, o da qolla nəticələndi. Buraxılan qoldan əvvəl Dabonun və Platellasın əla şansları var idi, amma yararlana bilmədilər. Qoldan sonra oyunda dönüş yaratmağa çalışdıq. "Sabah”la oyundan fərqli olaraq bu gün komandamız daha istəkli, daha xarakterli idi. Futbolçularım barədə pis heç nə deyə bilmərəm. Çünki ilk dəqiqədən bura qələbə üçün gəldiklərini göstərdilər. Məğlubiyyətdə bəxtsizlik də oldu. Çünki rəqib cəmi bir qol epizodu yaratdı və qalib gəldi. Hücumları başa vurmaqla bağlı problemlərimiz var. Çünki çoxlu sayda təhlükə yaratsaq da, bunları qola çevirə bilmirik. Bunun üzərində daha çox işləməliyik. Düzdür, çətin vəziyyətə düşmüşük, amma bu vəziyyətdən birlikdə çıxacağıq”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: "Dabo ilə bağlı baş verənlər komandamızın daxili işidir. Heyəti həmişə mən müəyyənləşdirirəm. Bununla bağlı üzərimdə heç bir təzyiq yoxdur. Bu gün Dabo bütün komanda yoldaşları kimi gözəl oyun nümayiş etdirdi. Üç təhlükəli epizod yaratdı, bunlardan ikisi qola daha yaxın idi. Uzun fasilədən sonra start heyətində meydana çıxmasını nəzərə alsaq, gözəl oyun göstərdi. Təbii ki, nəticə gözəl oyundan daha vacibdir. Çünki hamı xal qazanmaq istəyir. Avroliqadakı məğlubiyyətdən və "Sabah”la göstərilən oyundan sonra bu gün məğlub olsaq da, komandam istədiyim kimi oynadı. Bu gün Ömərin əvəzinə Turala şans verməyimə gəlincə, oyundan oyuna dəyişiklərə əl atıram. Bu isə futbolçuların həftəboyu məşq proseslərindən asılı olur. Çalışıram, ən yaxşı "11-liy”i meydana buraxım”.