Offsideplus.az “Xəzər”in icraçı direktoru Emin Abbasovun “FutbolPress”ə müsahibəsini təqdim edir:

- Əvvəlcə “Xəzər” haqda məlumat verərdiz. İdeya hardan gəlib, necə yaranıb...
- İlk olaraq “Xəzər”in Mini Futbol Liqası üçün komandası yaradılmışdı. Bu liqa artıq iki ildir, keçirilir. Bəzi azarkeşlər yəqin ki, heç təxmin də etmirlər, ancaq orda olduqca böyük büdcəsi olan komandalar var. Elə məvacib alan futbolçular var ki, bəlkə heç I Divizionda o maaşa oynayan yoxdur. “Xəzər”in rəhbərliyi də ilk olaraq MFL komandası yaratmaq qərarına gəlmişdi.

- Bu, nə vaxt baş verib?
- Elə keçən il. Bu mövsümün əvvəlində komanda yaradılmışdı. Həmin vaxt belə bir fikir olub ki, bəlkə işi bir az böyüdək və peşəkar futbol klubu yaradaq. Bu qərar bir qədər gec verildi. Ona görə mövsümün əvvəlində komanda tam yığılmadı. Bütün işlərdə müəyyən axsaqlıqlar oldu. I Divizionda ən son yığılan komanda “Xəzər” idi. Bu təbii ki, nəticələrdə də öz əksini tapdı. Komanda mövsümün birinci hissəsindən sonra 8-ci pillədədir. Düzdü, 2-ci yerlə fərq o qədər də böyük deyil. Amma bəzi şeylərin tələsik edilməsi nəticələrə təsir etdi.

- Sizin kluba gəlişiniz necə oldu?
- Qışa doğru mənimlə görüşdülər. Rəhbərlik bildirdi ki, iddialı komanda formalaşdırmaq fikrindəyik. İstəyirik ki, Premyer Liqaya yüksələk. Müzakirələrdən sonra qəbul etdim. Qışda işləmək çox çətindir. Yayda futbolçularının əksəriyyətinin müqaviləsi olmur, amma indi hər birinin demək olar ki, hansısa klubla bağlılığı var. Ona görə bir az çətin oldu. Amma biz istədiyimiz heyəti qura bildik. Deyə bilmərəm ki, asan başa gəldi. Çətin oldu. “Xəzər” yeni yaradılıb və faktiki olaraq biz nəinki komanda, sıfırdan klub qururuq. Amma mən inanıram ki, qış fasiləsindən sonra “Xəzər” I Divizionun ən iddialı komandası olacaq.

- Sizinlə bir yerdə “Xəzər”ə idman mətbuatdan daha bir nəfər – Gündüz Abbaszadə də gəldi. O, klubun baş meneceri vəzifəsinə təyin olundu. Bu, necə baş verdi?
- Çox istəyirdim ki, yanımda klub təcrübəsi olan və tanıdığım, güvəndiyim adam olsun. Bu məsələdə çox düşünməyə ehtiyac yox idi. İlk gündən fikirləşirdim ki, əgər işbirliyim alınsa, dərhal Gündüz Abbaszadəni yanıma dəvət edəcəm. Bu artıq əvvəldən düşünülmüşdü.

- Rəhbərliklə söhbətinizdə qarşınıza yaxın, yaxud uzaq planda qarşıya hansı planlar qoyuldu?
- Bir çox məsələlərdə bizdə hamı bu gündən yox, sabahdan danışmağa başlayır və deyir ki, yaxşı olacaq. Amma mən belə xüsusiyyətdə adamam ki, ciddi işin içində olmaq istəyirəm. İlk gündən də fikrim belə olub: ciddi bir iş olacaqsa, hədəflər böyükdürsə, mən varam. Biz danışdıq, dedilər ki, get qur, yarat.

- İlk iş olaraq, yeni baş məşqçi gətirdiniz...
- Mənə elə gəlir ki, ağıllı idarəçinin ilk işi baş məşqçi olmalıdı. Araşdırdıq və Elşad Əhmədovun üzərində dayandıq. Rəhbərliyə onun namizədliyini təqdim etdim və onlar da razılaşdılar. Elşad Əhmədov PRO kateqoriyası təhsili alanlar arasında fərqlənənlərdən biridi. Buna görə də onun üzərində dayandıq.

- “Xəzər”in əsas hədəfi nədir?
- Hədəfimiz Premyer Liqadır. Bizim əsas çətinliyimiz haqda danışmaq istəyirəm. Bəzi klublar var ki, hansısa şəkildə harasa bağlılıqları var. Məsələn, “Sabah” nazirliyə bağlıdı, “Səbail”in himayəçisi var idi. Burda söhbət tək maliyyədən getmir. “Səbail”də Rövnəq Abdullayevin oğlu prezident idi. Buna görə bir növ dəstək gördülər. Yaxud “Şüvəlan”ın strukturu, maddi-texniki bazası var. Belə paralelliklər aparsaq, bu gün “Xəzər”in faktiki olaraq heç nəyi yoxdur.

- Heç nə olmasa da, idarəçiliyə medianın içindən insanlar dəvət olunduğu üçün “Xəzər” mətbuatın diqqət mərkəzindədir. I Divizion klubu olaraq ölkə xaricində toplanış keçməyiniz də xüsusi müzakirə olunur. Burda müşahidə edirik ki, hər şey Premyer Liqa komandaları səviyyəsində qurulub: şərait, yoxlama oyunları üçün seçilən rəqiblər və s.
- Ümumiyyətlə, mən həmişə “Futbol adamı kimdir?” sualına aydınlıq gətirməyə çalışmışam. Çünki bizdə buna düzgün yanaşılmır. Futbol adamı bu sahədən anlayışı, intellektual səviyyəsi olan və işini məsuliyyətlə, vicdanla görən insandır. Əgər sadaladığım komponentlərin 60-70 faizi birində varsa, onu futbol adamı hesab etmək olar. Bu baxımdan həm özümü, həm də Gündüzü futbol adamı sayıram. Mənə elə gəlir ki, mətbəxin içində olan insanlarıq. Konkret toplanışa gəlincə, ilk gündə istər Elşad Əhmədov, istərsə də futbolçularla söhbətimdə bir cümlə işlətdim ki, siz bura I Divizion kimi yanaşıb gəlməyin, burdakı hər bir işimizdə Premyer Liqa klubu görəcəksiz. Biz məşqçi seçimində də bu amili diqqətdə saxlamışıq. Mənə görə Elşad Əhmədov Premyer Liqada işləməyə layiq mütəxəssisdir. Hətta həkimlərimizə də bildirmişik ki, müalicə işində, vitaminlərin istifadəsində elita standartlarına uyğun hərəkət etsinlər.

- Bir azarkeşin sosial şəbəkədəki rəyi diqqətimi çəkdi. Yazmışdı ki, bəzi Premyer Liqa klublarının saytı normal fəaliyyət göstərmir, amma “Xəzər” yoxlama oyununu “Youtube” hesabından canlı yayımladı. Yəni, həm marketinq, həm klubun PR-ı baxımından hər şeyə yüksək səviyyədə yanaşılıb, yuxarı standartlar əsas götürülüb. İndi qalır əsas məsələ, “Xəzər” lisenziya tələblərini yerinə yetirə biləcəkmi?
- Çalışırıq ki, hər işimizi səliqəli görək, təqdimatını yüksək səviyyədə edək. Çünki “Xəzər” yeni addır və bu klubu indi-indi tanıyırlar. Sevinirəm ki, işlərimiz qıraqdan samballı görünür. Mətbuatda müxtəlif informasiyalar dolanır. Kimisi klubun çox böyük büdcəyə malik olmandan yazır, başqası yuxarı instansiyalara bağlılığını qeyd edir. Bunlara şərh vermək istəmirəm. Amma bir tərəfdən də xoş haldır ki, gördüyümüz iş kənardan belə dəbdəbəli, böyük görünür. Bizdə lisenziyalaşma üzrə ayrıca menecer var, amma mən də bilirəm ki, bunun üçün 5 meyarı qarşılamaq lazımdır. Məncə, lisenziya almaqsa elə bir ciddi əngəl yoxdur. Hamısını keçmək olar. Bu məsələdə son qərar hər zaman olduğu kimi AFFA-ya məxsusdur. Açığını deyək də, söhbət təkcə həmin lisensziya şərtlərini yerinə yetirməkdən getmir...

- Lisenziyalaşma prosesindən uğurla keçilsə, “Xəzər”in növbəti mövsüm üçün əsas hədəfi nə olacaq?
- Burda əsas məsələ rəhbərliyin növbəti mövsüm üçün nə qədər maliyyə ayırmasından asılıdı. Biz bu rəqəmi bildikdən sonra hansı komandanı qurmağın mümkün olduğunu müzakirə edəcəyik. Şəxsən mən onun tərəfdarıyam ki, ilk mövsümdə nəticədən çox klub strukturunun formalaşdırılmasına yatırım edək. Yəni baza tikək, komanda üçün avtobus alaq, uşaq futboluna maliyyə buraxaq və s. Düşünürəm ki, məhz belə  də olacaq. Ancaq hələlik rəhbərliklə bunları müzakirə etməmişik. Dəqiq bir rəqəm barədə danışmamışıq. Lisenziyalaşmanı uğurlu şəkildə edə bilsək, növbəti addım gələn mövsümün büdcəsinin təsdiqlənməsi olacaq. Bundan sonra konkret hədəfimizin nə olduğunu da biləcəyik.

- Bildiyimə görə, klub və federasiya rəhbərlikləri arasında görüş olub, müəyyən müzakirələr aparılıb və AFFA-da “Xəzər”ə qarşı münasibət xoşdur...
- Təbii ki, xoşdur. Çünki dəfələlə AFFA rəhbərliyindən bildirilib ki, biz istəyirik kənardan sponsorlar futbola yatırım etsinlər. Bu baxımdan götürsək, münasibət xoş olmalıdı. Futbolu həqiqətən sevən, bu idman növü ilə yaşayan insanlar klub yaradıblar. Hiss olunur ki, hədəfləri də böyükdür, ilbəil inkişaf etmək istəyirlər. Bu baxımdan AFFA rəhbərliyinin də münasibəti yaxşıdır.

- Bəs “Xəzər”in AFFA-nın dəstəyinə ehtiyacı varmı?
- Şəxsən mən düşünürəm ki, federasiya hər cəhətdən “Xəzər”ə dəstək olmağa çalışmalıdır. Klubun sırf maliyyə cəhətdən AFFA-dan heç bir asılılığı yoxdur. Ancaq bəzi təşkilati məsələlərdə dəstək versələr, çox yaxşı olar. Düşünürəm ki, görülən işləri AFFA kənardan müşahidə edir və zamanla “Xəzər”ə olan etimad federasiya tərəfindən də böyüyəcək.

- Antalya toplanışı və yoxlama oyunlarının qrafiki barədə məlumat verərdiz...
- Yanvarın  16-dan hazırlığa başlamışıq və bu, fevralın 3-dək davam edəcək. 5 yoxlama oyunu planlaşdırılıb. Onlardan birini artıq keçirmişik. Bundan sonra Türkiyənin “Kəmərspor”, Bolqarıstanın “Vereya” və Avstriyanın “Qarabağ” klubu ilə qarşılaşacağıq. Yanvarın 27-nə planlaşdırılan yoxlama oyunu üçün hələlik rəqib dəqiq bəlli deyil. Bir neçə variant var: Qazaxıstandan “Jetısu”, Cənubi Koreyadan bir klub, “Antalyaspor”un U-21 komandası və s. Hələ son qərar verilməyib. Ən maraqlı oyunlarımızdan biri fevralın 2-də Vyana “Qarabağ”ı ilə olacaq. İstəyirik, həmin matça jurnalistləri də dəvət edək.

- Məndə olan məlumata görə, media mənsublarının bu qarşılaşmanı izləməsi üçün nəqliyyatın təşkili, millinin həmin gün oyununa aparılmasını da “Xəzər” öz üzərinə götürmək fikrindədir...
- Bəli. Təşkilati baxımdan hər şeyi üzərimizə götürməyə hazırıq. Əgər jurnalistlər Antalyaya gəliblərsə, biz də klub olaraq öz işimizi onlara təqdim etmək istəyirik. Təqdimatımızı elə burda keçirsək, daha yaxşı olar. Vyana “Qarabağ”ı da Azərbaycan auditoriyası üçün kifayət qədər maraqlı komandadır. Onlar da bir növ sirli qutudular. Belə demək olarsa, bir tədbirdə iki hadisə baş verəcək, həm “Xəzər” təqdim olunacaq, həm də “Qarabağ”la tanışlıq olacaq. Klub olaraq jurnalistlərin həmin matça aparılması, daha sonra millinin oyununa çatdırılmasını öz üzərimizə götürmüşük. Düşünürəm ki, bu baxımdan heç bir problem olmayacaq.

- Təşkilati işləriniz göstərir ki, “Xəzər” I Divizion səviyyəsindən yuxarıda qərarlaşıb. Bəs rəhbərlik, komanda psixoloji cəhətdən Premyer Liqaya nə dərəcədə hazırdır?
- Belə deyək də, Gündüz Abbaszadə 5 il “Neftçi” kimi Avropa Liqasının qrup mərhələsində çıxış edən klubda bütün proseslərdə iştirak edən 3-4 şəxsdən biri olub. Böyük təcrübəyə malikdir. Mən özüm “Qarabağ”da fəaliyyət göstərmişəm. Çox vaxt klub rəhbərliyi ilə bir arada olmuşam. Müəyyən təcrübəyə malikəm. Heyətə baxdıqda, mövsümün ilk yarısını Premyer Liqada keçirən bir sıra futbolçuları cəlb etmişik. Baş məşqçimiz Elşad Əhmədov vaxtilə “MKT-Araz”da çalışıb. Bu mövsüm də “Neftçi”ni iki rəsmi oyuna çıxardı. Yəni, Premyer Liqaya yad simalar deyilik. Bu, bizim üçün yeni bir şey olmayacaq. İllərdir, hamımız bu işin içindəyik. Premyer Liqaya adlamaq bizim üçün ilk növbədə psixoloji cəhətdən rahat olacaq. İkinci məsələ odur ki, elita standartlarına cavab verən heyət və şərait qurmaq lazımdır. Bu da mümkünsüz bir şey deyil. Əlimizdə maliyyə olandan sonra işimizi ona uyğun quracağıq. Bu baxımdan “Xəzər”in Premyer Liqada olması elə bir problem deyil. Əksinə, belə bir klubun, idarəçi heyətinin, məşqçi korpusunun yüksək liqaya çıxması daha yaxşıdır. Bu işə daha həvəsli yanaşırıq, entuziazm var. Sanki yeni təfəkkür, sıfırlanmış beyinlə başlayırıq fəaliyyətə. Digər tərəfdən komanda olaraq da bir təcrübəyə malikik. Əsas odur ki, “Xəzər”in arxasında iddialı sponsorlar var. Əgər bütün bunların vəhdətini yarada bilsək, Premyer Liqada klubumuzun simasında çox yaxşı bir komanda görəcəksiniz.