Macarıstana hesabda 1:3 uduzsaq da, oyun mahiyyətində, futbol anlayışında 0:10-luq mahiyyətdə göründük. Yenə...

***

Guya Millətlər Liqasında qrupdan çıxa bilmədiyi üçün nəticəni uğursuz sayan AFFA rəhbərliyi əncamı baş məşqçini dəyişməkdə gördü. Bu işlərdə səlahiyyət sahibi və qərarverici qüvvə olan AFFA İcraiyyə Komitəsi də tribinə görə elə AFFA rəhbərliyinin maraqlarına xidmət edir deyə, bütün qərarlar dolayısıyla İK-nın ideyası deyil, isteblişmentin maraqlarına xidmət edir.

Nəysə, yenisini daha dəbdəbəli  hədəflə gətirməliydilər. Çünki bu postda olan üçün böyük məbləğ ayrılır deyə, belə məsələlər ölkə rəhbərliyi səviyyəsində həll edilməlidir...

Avro-2020-yə vəsiqə tələbi uyduruldu və rəhbərlik də buna inandırıldı. Bəla da, məhz bundadır. Çünki illərdir imkanlarımıza uyğun gəlməyən iddialar uydurulur və heç birinə nail olunmur. İnananlar isə israrla inanmaqda davam edirlər..

İndi yeni hədəf nağılı uydurulub və budur, yenə hədəfin əksinə doğru irəliləyirik. Niyəsə Qurbanovun dönəmindəki qədər hay-küy, qınaq və biganə münasibət yoxdur AFFA-dan milliyə.

***

Yurçeviç oyundan sonra dedi ki, Azərbaycanın FIFA reytinqində mövqeyi bəllidir. Biz çalışırıq ki, bundan daha pis olmasın.

Bəli, U-21 Lixtenşteynə uduzanda da Obradviç oxşar açıqlama vermişdi, düz yolda olduqarını demişdi. Bilirsiniz niyə? Çünki onlar bura hər hansı hədəf əsasında gətirilməyib. Əcnəbi məşqinin qarşısına Azərbaycan kimi FIFA reytiqinin 2-ci yüzlüyündə olan komanda üçün hədəf qoya bilməzsən.  Xalqı aldatmaq, guya əcnəbinin bura yaxşı hədəflər əsasında gətirildiyini bəyan etmək AFFA rəhbərliyinin birbaşa məsuliyyətidir. Axı hər oyunsonrası konfransda Yurçeviçdən soruşulur və o qətiyyətlə bunu inkar edir. O, qrupdan çıxmaq (?!) hədəfini yaxına belə buraxmır. Yurçeviç açıq-aşkar deyir ki, Azərbaycanın reytinqi göz önündədir, biz çalışırıq ki, bundan yaxşı olsun. Vəssalam, eyham aydın oldu?

Halbuki belə hədəfçün Qubanov da bəs idi və hətta qat-qat yaxşısına nail ola bilərdi, U-21-in Lixtenşteyn kimi luzerə uduzması üçün Obradoviçi gətirməyə dəyməzdi, Rəşad Sadıqov o postda qətiyyən belə məğlubiyyət yaşamazdı. Olsaydı da, bütün xalqdan üzr istəyərdi, daha deməzdi ki, düz yoldayıq.

Hansı düz yoldayıq biz?

AFFA tamamilə ictimaiyyətlə bağlarını kəsib, lokal bir qüvvə ilə futbolumuzu idarə edir. Bu qüvvələr milli komandanı milli maraqlara xidmət edən səviyyəyə qaldırmaqda maraqlı deyillər, heç istəsələr də bunu alındıra bilməyəcəklər. Çünki baş məşqçinin iradəsi daxilində toplanmayan və hansısa maraqlara əsasən formalaşırılan heyətin uğur qazanacağına zəmanət vermək heç mümkün deyil. Bunu komanda daxilində araşdırmaqla bütün pis həqiqətləri üzə çıxarmaq mümkündür. Sadəcə, bunu istəmək və addım atmaq bəs edər...

***

Qarşısına Avro-2020 hədəfi qoyulan (?!) komanda qrupda nisbətdə ən uyğun rəqib sayılan macarlara doğma meydanda tabe olur. Oyun göstərir ki, xal qazanmağa çalışsa, ölüm-qalım savaşına girsə də, bacarmayacaqdı. Deməli, biz aldadılırıq. Biz bunu necə qəbul edə bilirik, Azərbaycanın futbol ictimaiyyəti? Varsız, yoxsa yoxsunuz?   

 - Futbolpress.az