Azərbaycan Premyer Liqasının 16-cı turunda evdə “Qarabağ”a uduzan (0:1) “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, Əliyev əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- Uşaqların oyunundan razı qaldım. Matçdan sonra onları oyuna görə təbrik etdim. “Qarabağ”la “Səbail” eyni səviyyəli komandalar deyil. Çalışdıq, yaxşı mübarizə aparaq. Əlimizdən gələni etdik.
- İki fərqli hissə izlədik. İlk hissədə “Səbail” daha hərəkətli idi. İkinci hissədə isə, xüsusilə, 60-cı dəqiqədən sonra komanda daha ləng görünürdü. Bu, yorğunluqla bağlı idi?
- Mən belə düşünmürəm. Əksinə, ikinci hissədə bir neçə dəyişiklikdən sonra daha fəal oynamağa başladıq.
- Komandalar arasında səviyyə fərqinin olduğunu dediz. Ancaq “Qarabağ”la müqayisədə heç də az qol fürsətiniz olmadı.
- Komanda yenidi. Qış fasiləsində komandaya yeni futbolçular qoşulub. Onların komandaya uyğunlaşması üçün vaxt lazımdı. Ən azı 7-8 oyun lazımdı ki, onlar komandaya tam uyğunlaşsınlar. Həmin vaxtadək də çempionat bitəcək (gülür). Bu gün biz “Qarabağ”ın imkan verdiyi qədər oynadıq.
- Bu gün “Kəpəz” - “Keşlə” oyununda kimə azarkeşlik edirdiz?
- Düzü, mən həmin oyunda heç-heçə olmasını istəyirdim. Çünki bizi qarşıda “Qəbələ” ilə çətin oyunlar gözləyir. Həm “Keşlə”, həm də “Kəpəz” qış fasiləsində çox gücləniblər. Ancaq biz rəqiblərin yox, öz oyunumuza köklənirik. (Komanda.az)