“Sabah”dan göndərilən qapıçı Tərlan Əhmədli klubdan ayrılma səbəbini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, o, "Sportlife.az"a müsahibəsində buna səbəb toy günü oyuna çıxmaması olduğunu bildirib:
"Hər şey toydan sonra baş verdi. Toydan öncə məşqçi ilə söhbətim olmuşdu, onlar dedi ki, mütləq bu oyunda oynamalısan. Bizdə də hər şey dəqiqləşmişdi, dəvətnamələr paylanmışdı. Ona görə də mən onlara bildirdim ki, axı sizdən bir ay əvvəl icazə almışam. Bəs toyum var axı. Toyda iştirak etməli olduğumu onlara bildirdim. Mən toydan sonra bütün məşqlərə qatıldım, mənə diqqət də az idi. "18 liy"ə belə salmadılar məni. Mən də başa düşdüm ki, mənim bu klubda qalmağımın mənası yoxdu. Bilirsiz, milli adət-ənənələrimiz də önəmlidi. Bir ay əvvəl icazə almasaydım, özümdə səhv axtarardım. Amma mən bir ay öncədən icazə almışdım və icazə də verilmişdi. Sonra isə nələrsə baş verdi və mən məşqçi ilə söhbət etdim ki, toyumun vaxtı müəyyənləşib, dəvətnamələr paylanıb. Toya beş gün qalmış dedilər problem yaranıb, toya getməməlisən, oyunda olmalısan. Bizə də uyğun olmadığı üçün qərarımı verdim, "yox" dedim. Məsələ belə olub.
"Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov isə "Ölkə.Az"-a açıqlamasında bildirib ki, qolkiperə toy üçün icazə verilsə də, son anda ona ehtiyac duyulub:
"Məsələ tam göstərildiyi kimi deyil. Orada başqa məsələlər də var. Əslində, Tərlan Əhmədlinin müqavilə müddəti bitmişdi. Rəsmi saytımızda da bu barədə açıqlama verdik ki, müqavilə müddətimiz bitdiyinə görə beş futbolçumuzla yollarımızı ayırmışıq. Futbol elədir ki, burada əvvəlcədən nəyisə planlaşdırmaq olmur. Hər bir peşəkar komandada 2-3 qapıçı olur. Elə alındı ki, komandamızın əsas və üçüncü qapıçıları zədələndi. Məcbur idik ki, qapıda kimsə dursun. Həmin vaxt başqa qapıçını hardan tapa bilərdik ki? Bəli, əvvəlcədən Tərlan Əhmədliyə toyuna görə icazə verilmişdi. Amma sonradan deyildi ki, əgər alınırsa toyu təxirə sal. O da bildirdi ki, mümkün deyil. Həmin vaxt ukraynalı qapıçı Dmitri Bezruk komandada baxışda idi. Yalnız onunla müqavilə bağladıqdan sonra problemi həll etmək mümkün oldu. "Keşlə" ilə oyunda da qapını məhz Bezruk qorudu. O ki qaldı Tərlanın məsələsinə, klubdan onun toyunda iştirak edənlər də oldu. Sadəcə, həmin vəziyyətdə bir təcrübəli qapıçı kimi onun köməyinə ehtiyacımız olduğu üçün bu müraciət edilmişdi.