"Qəbələ"nin kapitanı Cavid Hüseynov müsahibə verib.

Komandadakı gələcəyindən danışan təcrübəli yarımmüdafiəçi milliyə dəvət almamasına da münasibət bildirib.

- “Qəbələ”də qalıb-qalmayacağın maraq olunur. Qərarını vermisən?

- Hələ ki, heç nə dəqiqləşməyib. Bir az da gözləməyi məsləhət biliblər. İki günə ehtiyac var. Bu həftənin sonunda bütün suallara aydınlıq gələcək.

- Yerli klublardan təklif aldığını bilirik. Ölkə xaricinə getmək variantın da varmı?

- Xeyr, belə bir variantım yoxdur. Sadəcə, üç yerli klubdan təklif almışam.

- “Sabah” və “Zirə”nin səni istədiyini xəbərimiz var. Üçüncü komanda hansıdır?

- Bəli, “Zirə” də düz söhbətdir. Amma üçüncünü deməyəcəyəm. Qoy, hələlik sirr qalsın (gülür).

- “Qəbələ”dən ayrılası olsan, hansı varianta üstünlük verəcəksən?

- Bunu indidən deyə bilmərəm. Bəzi nüanslar var ki, özümdə götür-qoy etmişəm. Hansını seçəcəyimi mətbuata demək istəmirəm. Çünki bu, artıq mənim şəxsi seçimim olacaq.

- Nikola Yurçeviçin gəlişindən sonra yenə milli komandaya dəvət almadın. Bu barədə nə demək istərdin?

- Açığı, dəvət gözləyirdim. Hazır idim. Amma olmadı. Yəqin, nəsə səbəb var. Danışacam, pis olacam. Çox dərinə getmək istəmirəm. Nə etmək olar? Həyat davam edir.

- Yəqin ki, millidən kənarda qalmaq bir futbolçu kimi motivasiyana təsirsiz ötüşməyəcək...

- Əlbəttə, təsir edir. Ancaq hər zaman klubda sabit çıxış etməyə çalışmışam. Son vaxtlar da pis formada deyildim. Hiss edirdim ki, ardı gəlir. Milliyə çağırsaydılar, daha yaxşı olardı. Dəvət etmədilər, nə edək? Gözləmək lazımdır.

- Millimiz gələn ay seçmə mərhələdə 2 oyun keçirəcək və hər ikisi Bakıda olacaq. Macarıstan və Slovakiya ilə görüşlərdən nə gözləyirsən?

- İndi istənilən komanda ilə oynamaq çətindir. Heç biri asan rəqib deyil. Hər iki görüş ağır olacaq. Yalnız evdə oynamağımız bizim üçün müsbət haldır. Nəticə qazanmaq olar. Amma gərək, əziyyət çəkəsən, sonadək vuruşasan.

- İlk oyun Macarıstanla olacaq. “Nəticə qazana bilərik” deyirik, amma macarlar Xorvatiya kimi güclü yığmanı məğlub ediblər...

- Bəli, həmin oyunu izlədim. Baxırsan ki, əməlli-başlı futbol oynayırlar. Amma belə götürəndə biz də səfərdə Xorvatiyaya çətin anlar yaşatdıq. 1:2 hesabı ilə uduzsaq da, pis oynamadıq. Bəlkə macarlarla oyunumuz daha yaxşı alınacaq. Açığı, indidən nəsə deməkdə çətinlik çəkirəm. 

 

 

Qol.az