"Neftçi"nin futbolçusu Rəşad Sadiqov Offsideplus.az-a müsahibə verib.

- Prezident dəyişikliyi oyununuza necə təsir etdi?

- Deməzdim ki, təsiri oldu. Futbolçular oyuna əvvəl olduğu kimi hazırlaşdılar. Matçda 3 xal üçün çıxmışdıq, lakin alınmadı. Məyus olduq.

- Qırmızı vərəqə aldığın epizodla bağlı nə deyəcəksən?

- Hər bir Azərbaycan vətəndaşı belə şey etməməlidir. Elə bir söyüş söyür ki, onu heç kəs götürməz. Cərimə zərbəsi oldu və futbolçumuz sarı vərəqə aldı. Normal hal idi. Ordan da azarkeş ağzına gələni deyir... Normal nəsə demək olar. Amma təhqirin ən pis variantlarını futbolçuya demək olmaz...

- Ehtiram Şahverdiyevin atası idi?

- Bilmirəm kimin atasıdır. Yaşlı adam idi. Azarkeşləri tanıya bilmirik. Dedim ki, yaşından utan. Normal etikada cavab qaytardım. Kimsə ailəsini küçədən tapmayıb. 9 milyon əhali efirdə bizi izləyir. Azarkeşlər stadiondadır. Bu qədər söyüş olmaz... 

- “Neftçi” yenə də uduzdu...

- Keçən dəfə udmuşduq. Bir az pis dediniz. “Yenə də” deyiləndə pis çıxır. Aqressiya ilə yanaşmayaq. “Sumqayıt”a evdə qalib gəlmişdik. 

- “Neftçi”də hər şey qaydasındadır?

- Bəli, qaydasındadır. Oyuna yaxşı hazırlaşmışdıq. Sadəcə, erkən qollar buraxdıq.

- 4-cü pillədəki komanda ilə aranızda 5 xal fərq yaranıb...

- Onsuz da 4-cü yer üçün oynayırıq. Xal fərqi çox deyil. Evdə “Sumqayıt”la oyunumuz var. “Sumqayıt”ın xal itirmək ehtimalları var. Gələcək hər şeyi göstərəcək. Avrokuboklara getmək üçün əlimizdən gələni edəcəyik.

- Avrokuboklara ən qısa yol kubokdan keçir...

- Kubokda yarımfinaldayıq. Ən rahat yoldur. Hər iki yolda mübarizə aparırıq. Səhv etmək olmaz.

- “Zirə” ilə oyunda komandana kömək etməyəcəksən...

- Sakit və ciddi hazırlaşmaq lazımdır. Kubokdan onları uzaqlaşdırdığımız kimi, bu matçda qalib gəlməliyik.

Nuh TARVERDİYEV