"Futbolçularımızı, azarkeş və rəhbərliyimizi təbrik edirəm. Titul üçün hər komanda, hər məşqçi çalışır. Titulu qoruduğumuz üçün oyunçulara təşəkkür edirəm".
Offsideplus.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 27-ci turunda evdə "Səbail"i 4:0 hesabı ilə məğlub edərək, çempionluğu rəsmiləşdirdikləri oyundan sonra deyib.
Qurbanovun sözlərinə görə, sonuncu tura formal yanaşmayacaqlar: "Ola bilər ki, heyətdə hansısa dəyişikliklər olacaq. Ancaq yenə də öz oyunumuzu oynamağa çalışacağıq. Hər bir futbolçu bizim üçün dəyərlidir. Ancaq bəziləri ilə yollar ayrılmalıdır. Ancaq onlar sayı çox deyil. Yeni futbolçularla bağlı axtarışımız gedir. Hələ Reynaldo barədə də qərar verməmişik. Bu üzdən onun "Neftçi"yə və ya başqa kluba keçmə ehtimalı barədə nəsə deyə bilmərəm".
Baş məşqçinin sözlərinə görə, bu mövsümdəki çempionluq bir qədər çətin olub: "Hələlik Çempionlar Liqasını düşünmürük. "Neftçi" də çempion olmağa istəkli idi. Həmişə istəmişəm ki, komandalarımız güclü olsun, yeni sponsorlar gəlsin. Bu il qol baxımdan məhsuldarlıq yuxarıdırsa, deməli, işləri düzgün görmüşük".
Qurbanov vaxtı ilə rəhbərliyi altında çıxış edən veteran futbolçular - hazırda "Sumqayıt"a rəhbərlik edən Ayxan Abbasov və "Səbail"in baş məşqçisi Aftandil Hacıyev barəsində də fikirlərini bölüşüb: "Hər ikisi futbolçularım olub. Onların işə yanaşmasından razı qalmışam. İndiki uğulrarı əziyyətlərinin bəhrəsidir".
Baş məşqçi kapitan Rəşad Sadıqov barədə də fikir bildirib:" Rəşad "Qarabağ" üçün böyük qüvvə, böyük kapitandır. O, qışdan bəri cavanlığını geri qaytardı. Nə qədər dəyərli olduğunu göstərdi. Hələ gücü var".(qol.az)