Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 26-cı turunda "Sumqayıt"a evdə 2:3 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransı keçirib.

Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib.

- Əlbəttə, bizim üçün üzücü gündür. Bəzi səhvlərimiz oldu. Xüsusilə də, 2:2-dən dərhal sonra qol buraxmağımız çox pis oldu. Çoxlu təhlükəli epizod yaratdıq, hətta top qapı dirəyindən qayıtdı. Özümüz öz vəziyyətimizi çətinləşdirdik. Artıq sabahdan növbəti iki oyuna hazırlaşacağıq.

 - Oyundan əvvəl “Sumqayıt”ın heyətinə baxmışdınız? Rəqibin ehtiyat qüvvə ilə oynaması və kuboku düşünməsi sizdə arxayınlıq yaratmamışdı ki?

- Komandamı rəqibin necə, hansı heyətlə oynayacağını bilmədən hazırlamışdım. Deməzdim ki, rəqibin kubokda oynaması bizdə arxayınlıq yaratmışdı. İlk dəqiqələrdən bu, görünürdü. Sadəcə, yaratdığımız epizodları qola çevirə bilmədik.

- Bundan sonra “Qarabağ”ı geridə qoymağınız çox çətindir. Ümumi çempionatı dəyərləndirsəniz rəqib çempionluğu qazandı, yoxsa “Neftçi” hədiyyə etdi?

- “Qarabağ” çempionluğu rəsmiləşdirsə, bu sualı cavablandıraram. Çətin vəziyyətdəyik, amma mümkünsüz heç nə yoxdur. Çox yaxşı mövsüm keçirdik. Hətta böyük xal fərqi də yarada bilmişdik. Sadəcə, bunu saxlaya bilmədik.

- “Sumqayıt”dan bu mövsüm iki zərbə almısınız. Aşağı sıralarda qərarlaşan rəqiblə belə çətinlik çəkməyinizin səbəbi nədir?

- Deməzdim ki, "Sumqayıt"la oyunlarda xüsusi nəsə oldu. Bütün mövsümə nəzər salmaq lazımdır. Təkcə "Sumqayıt"la görüşlər deyil, digər bir neçə matç da oldu ki, lazımsız xallar itirdik.

- Səmimi olsanız, "Neftçi"nin çempionluğunun möcüzəyə bərabər olduğunu deyə bilərsinizmi? Neçə faiz şansınız qaldığınızı düşünürsünüz?

- Futbolda mümkünsüz heç nə yoxdur. Qarşıdakı matçları gözləməliyik.(qol.az)