Bu gün Premyer Liqa klubları olan "Neftçi" və "Sumqayıt" komandalarının prezidentləri istefa verib.

"Neftçi"nin prezindeti Orxan Hüseynzadənin ardından "Sumqayıt" komandasının prezidenti Kamran Quluyevdə istefa verib. Amma Çox keçmədi ki, Kamran Quliyevin “Neftçi”nin prezidenti postuna təyin edildiyi açıqlandı.

Offsideplus.az sayıtı olaraq idman mediasının "Neftçi"də baş vermiş prezident dəyişikliyi ilə bağlı düşüncələrini öyrəndik .

Kənan Məstəliyev (Rekord.az): "Kamran Quliyevin ötən il bu posta gəlməsi məsələsi müzakirə olunmuşdu, hətta baş katiblə aralarında bu barədə müzakirələr də aparılmışdı. Ancaq o vaxt alınmadı və Orxan Hüseynzadə gətirildi. Yəqin ki, indi maneə qalmayıb. Düzü, Məmmədovun "kapitan"ları arasında ən çox bəyəndiyim adam məhz Kamran Quliyev idi. Çünki adamın futbola həqiqi sevgisi var və son illərdə müəyyən futbol adamlığı təcrübəsi də toplayıb. "Sumqayıt"ın çox kiçik büdcə ilə nələr edə bildiyini, hansı səviyyəyə qalxdığını bu mövsüm açıq-aşkar görə bilirik. Məncə, Quliyevin gəlişi, "Neftçi"yə xeyir verə bilər. Amma... Kamran Quliyev hara getdiyinin fərqində deyil yəqin ki. "Sumqayıt"da təzyiqlər çox cüzi idi, addımlara görə kiçik camiə qarşısında cavab verirdi. "Neftçi"də vəziyyət başqadı. "Qaynar qazan" durumunda olan klub, üstəgəl, bütün ölkənin qarşısında durmaq, cavab vermək məsuliyyəti. Özü də hər gün, hər an. Quliyevə çox, lap çox çətin olacaq. Proqnoz vermək çətindi bu təyinatın uzunömürlülüyünə. Yeni prezidentin işi çətindən də çətin olacaq. Dəqiq fikir bildirmək üçün, vaxt lazımdı"

Vüsal Mahmudov (Futbolinfo.az): "Ciddi bir şey gözləmirəm. Toplananların yerini dəyişəndə cəm dəyişmir amma Quliyevin islahata nədən başlayacağı, ilk addımlarının nə olacağğı çox önəmlidi. Zənnimcə, yaxın 1 həftədə ilkin perspektivlər görüünəcək. Bununla belə, Kamran bəyin də "Neftçi"nin ağırlığını qaldıracağına inanmıram."

Elçin Cəlilov (Futbolpress.az): "Neftçi"dəki prezident dəyişikliyi ümumilikdə klubun idarəçiliyində ciddi dəyişiklik yaradaaqmı - zaman göstərəcək. Hazırkı durumda əsasən adlar dəyişib. Burda islahatyönümlü hansısa addım görmürük. Kamran Quliyevin illərə söykənən klub idarəçiliyi təcrübəsi var, özü də ciddi təhsilli, kübar təbiətli insandır. Ancaq bura "Neftçi"dir. Dərin yerdir. Burdan baş çıxarıb, idarəçiliyə nail olmaq ən çətin işdir.Ümid edək ki, yaxşı olacaq. Ancaq vurğulayım ki, "Neftçi" Orxan hüseynzadənin prezidentliyi dövründə heç də pis deyildi. Bu dəyişikliyini əsl səbəbləri tam aydın olmadı.İndiki məqamda yalnız müşahidə etmək mümkündür. Bir müddət diqqətlə izləməliyik, görək hansı addım niyə atılır."

Ceyhun Rzayev (Xəzər TV): "Orxan Hüseynzadənin istefasını 2 səbəblə əlaqələndirmək olar: ya işi onu bura təyin edənləri qane etməyib, ya da başqa vəzifəyə təyin olunacaq. Kamran Quliyevin Orxan Hüseynzadəni əvəzləməsi isə Elxan Məmmədov üşün ən məqbual variantdı. Quliyev ən yaxın dostunu "Neftçi"yə rəhbər gətirdi."

Elşən Məmmədov (Sportnet.az): "Əslində Orxan Hüseynzadənin "Neftçi"dən istefa verəcəyi gözlənilən idi. Hətta Kamran Quliyevin flaqmana rəhbər posta keçəcəyinə dair söz-söhbətlər ötən yay yayılmışdı. Gözlənilməz hal o oldu ki, Quliyev "Sumqayıt" - "Neftçi" matçına bir gün qalmış vəzifəsini dəyişdi və sabahkı rəqibin prezidenti vəzifəsinə təyinata razılaşdı. İstənilən halda, bu təyinatın "Neftçi" üçün müsbət nəticə verəcəyini güman etmək olar. Çünki Quliyev "Sumqayıt"da klub idarəçisi kimi nəyə qadir olduğunu marketinq, sabitlik və yüksələn xətlə nəticələr baxımından müəyyən mənada göstərə bilib. "Neftçi" isə ona daha yaxşı fəaliyyət imkanı yaradılacağı şübhəsizdir. Baxmayaraq ki, iddiaları baxımından "Neftçi" "Sumqayıt"dan fərqlənir."

Rəşad Ergün (Komanda.az) "Bir günün içində iki klubun prezidentinin istefaya məcbur edilməsi, istefa verənlərdən birinin dərhal digər istefa verənin yerinə təyin olunması qanun-qayda, reqlament, futbol adına rəzalətdi. Məyər FİFA, UEFA iki və daha çox sayda klubun eyni cibdən maliyyələşməsinə, eyni nöqtədən idarə olunmasına icazə verib, xəbərimiz yoxdu? Mənə maraqlıdı, FİFA və UEFA-nın Azərbaycan futbolunda baş verənlərdən xəbəri varmı? 8 komandalı çempionatda 5 komanda eyni cibdən maliyyələşir, eyni şəxslər tərəfindən idarə olunur. FİFA-nın, UEFA-nın bundan xəbəri yoxdusa belə, xəbərdar etmək lazımdı. Azərbaycan çempionatı futbol adına ləkədi. "Neftçi"dəki dəyişiklik haqda danışmağı mənasız sayıram. Ciddi-ciddi durub bu barədə danışmaq, hansı perspektivlər vəd edir, bunu izah etmək, qanunsuzluğa, cinayətə haqq qazandırmaq olar."

Amal Abuşov (Sport7.az) "Məqsəd Orxan Hüseynzadəni xilas etmək, eyni zamanda da "Neftçi”yə nəzarəti əldən verməmək idi. İndilik buna nail olub. "Neftçi”nin uğursuz nəticələri, yoldaşlıq görüşlərindəki biabırçılıq, transferlərdəki hərc-mərclik, idarəetmədəki nöqsanlar "yuxarı”ların səbr kasasını daşırıb. Üstəlik, baş verən maxinasiyalar, prezidentin menecer Kamil Məmmədovla əlbir "işləməsi” ona qarşı şübhələri artırıb. Artıq klubda "Kəpəz”dəki kimi genişmiqyaslı yoxlamaların, audit təftişinin aparılması da qaçılmaz olub. Bu yoxlamanın başlaması isə təkcə Orxan Hüseynzadəni bitirməyəcəkdi, həm də Elxan Məmmədova ciddi zərbə olacaqdı."

Kənan Həsənov (Futbol+) "Fikrimcə, qeyri-adi heç nə baş vermir. "Neftçi" dövlətin, daha dəqiq desək, AFFA-nın nəzarətində olan klubdu. Əvvəl də belə olub, indi də belədi. Bu üzdən AFFA-nın baş katibi Elxan Məmmədovun idarə etdiyi klubda yerdəyişmələrə təəccüblənmək lazım deyil. Hazırkı rəhbərlik onun xeyir-duası ilə gəlmişdi, indi isə getmək zamanıdı. Kamran Quliyevi "Sumqayıt"a göndərmişdilər, indi də ordan çıxarıb, "Neftçi"yə təyin edirlər. "Neftçi" Azərbaycanın ən köklü klubu olsa da, müstəqil deyil, AFFA-nın, SOCAR-ın əlinə baxır. Bu qurumlar da istədiyini edir. Orxan Hüseynzadə nə yatdı ki, nə də yuxu görsün?! Sadəcə, getməyi məsləhət bilindi və postunu tərk etdi. Adını da qoydular ki, öz xoşu, istəyi ilə istefa verib. Ağıllı adam isti yerindən, yaxşı qazancından imtina edər? Sadəcə, onu vəzifəyə təyin edənlərdən, əmr gəldi, Hüseyzadə də sakitcə getdi. Eyni sözlər Elxan Məmmədovun dostu Kamran Quliyev üçün də keçərlidi. "Neftçi"ylə müqayisədə "Sumqayıt" səs-küydən, qalmaqallardan, təzyiqdən uzaq bir klubdu. Bununla belə, Kamran bəy ordan istefa verib, Bakı klubuna üz tutdu. Yəni yuxarıdan gələn göstərişə əməl etdi. Eyni ssnenarini "Qarabağ"da və ya "Qəbələ"də təsəvvür edə bilərsiz? Əlbəttə ki, yox. Çünki klubun konkret sahibi, maliyyə ayıranı var, adamlar müstəqildilər, qərar verməkdə sərbəstdilər. "Neftçi" əksəriyyətin futbolda uşaqlıq sevgisi olsa da, təəssüf ki, düşdüyü durum acınacaqlıdı, ürək ağrıdır. Amma reallıq budu və yaxın gələcəkdə nələrinsə müsbətə doğru dəyişəcəyinə inam azdı."

Zeynəb Əlizadə (Goal.az) "İnkişaf və daha yaxşı nəticə üçün dəyişiklər həmişə lazımdır. "Neftçi"də isə son vaxtlar dəyişikliklər həddindən artıq çox oldu. Oyunçular, məşqçi, mətbuat xidməti rəhbəri, prezident... Bunlar klubdaxili problemlərin nəticəsidir. "Neftçi" son illər istiqamətini geriyə doğru dəyişib. Yeni prezident Kamran Quliyev barədə, "Sumqayıt"dakı işinə görə müsbət fikirlər bildirmək olar. Klubların son illərdəki durumunu müqayisə etmək də düzgün olmaz: bir tərəfdə stabil, digər tərəfdə xaotik vəziyyət. Ümid edirəm ki, Quliyev ona göstərilən etimadı doğruldar. İddiasız "Sumqayıt"dan gözləntilərin yüksək olduğu "Neftçi"yə keçmək işinin asan olmayacağı deməkdir."

Ceyhun Əliyev (Sport24.az) "Yəqin ki, əsl həqiqəti heç vaxt bilməyəcəyik. Hüseynzadənin öz xoşu ilə prezident kreslosunu boşaltdığına inanmıram. Çünki bu qərarı şəxsi təşəbbüsü ilə həyata keçirsəydi, dövrələrarası fasilədə istefa verərdi. Qış fasiləsindən sonra Premyer Liqada yeganə qələbə qazanan klubun prezidentinin birdən-birə işlərinin çıxması real deyil. Demək ki, hansısa qlobal hadisə yaşanıb ki, MOK vitse-prezidentinin qardaşı oğlunun istefasını qaçılmaz edib. Kamran Quliyevin işi heç də asan olmayacaq. “Sumqayıt”da futbol ictimaiyyətinin gözündən kənarda olmaq işini rahat görməyini şərtləndirirdi. “Neftçi” isə qaynayan qazandı. “Çömçə”ni ələ keçirməyə isə onlarla namizəd var."

Nuh TARVERDİYEV