“Qarabağ”ın hücumçusu Mahir Mədətov “Keşlə”yə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXV tur matçından sonra brifinq keçirib.
22 yaşlı hücumçu oyundan sonra suallarını cavablandırıb:
Oyun necə keçdi?
- Çempionatın sonudur, oyundan-oyuna çətinləşir. Qarşıda kubok matçları da var. Məşqlərlə bərabər istirahətimizə də fikir verməliyik. Çünki sona yaxınlaşdıqca yorğunluq özünü göstərir.
Penalti epizodu ilə bağlı nə deyə bilərsiniz? Rəqib komanda etiraz etdi...
- Ayağıma zərbə var idi. Ola bilər ki, mən arxasından çıxdım, görmədi, amma təmas oldu. Düşünürəm ki, penalti idi.
“Neftçi” ilə xal fərqi bu dəqiqə 5-ə yüksəlib. Sona isə 3 tur qalıb. Şansları necə dəyərləndirirsiniz?
- Mən həmişə öz komandama inanmışam. Bu fərqi sona qədər qoruyub saxlayacağımızı düşünürəm. Vicdanımızın təmiz olması üçün var gücümüzü qoyub, sona qədər mübarizə aparmalıyıq.
Son vaxtlar tənqid olunursan, bununla bağlı nə deyə bilərsən?
- Tənqidlərə fikir vermirəm. Əvvəl təsir edirdi, sonradan isə çox izləmirəm, kim nə danışır, nə deyir? Mənə əsas məşqçilərimin fikri önəmlidir.
Son oyunlarda sanki artım var...
- Hücum xəttində oynayırsansa, istər-istəməz top da itirəcəksən. Bunu Ronaldo da edir, Messi də. Çalışırsan ki, bir az kreativlik edəsən, bu da bəzən alınır, bəzən yox.
Bəs sizdə necə alınır kreativlik?
- Məncə, pis alınmır.
Mövsümün sonunda Türkiyəyə gedəcəyiniz deyilir. Bu, nə dərəcədə real söhbətdir?
- Bəzi təkliflər olduğunu mən də eşidirəm, amma həm məşqçilərimiz, həm də menecerlər heç nə demirlər. Heç mən də əlavə nəsə eşitmək istəmirəm, İnşaallah mayda danışarıq bu barədə.
AEK söhbəti realdır: Yunanıstan çempionatında çıxış edə bilərsiniz?
- Yunanıstan çempionatını izləmirəm, hansı səviyyədə olduğundan xəbərsizəm. Bəzi klublarının Avrokuboklardakı çıxışlarını görmüşəm. Amma dediyim kimi, hələ bu barədə düşünmürəm.
Sizə də yayda artıq getmək vaxtıdır?
- Açığını deyim ki, çox istəyirəm legioner həyatı yaşayım, özümü göstərim, amma bu, mənim tək qərar verə biləcəyim məsələ deyil. Üzərimdə əziyyəti olan insanlar var. Xüsusilə də “Qarabağ”da Qurban müəllim başda olmaqla. Ona görə də onlarla məsləhət edəcəyəm.
AEK-dən təklif gələndə Qurban Qurbanov sizə nə dedi?
- Həmin təklif gələndə “Neftçi” ilə oyuna 3 gün qalmışdı, ona görə də qəti şəkildə komandamda qalmaq istədim.
“Keşlə”nin qapıçısı Şahin Zəkiyevlə toqquşmandan sonra burnu qırıldı və xəstəxanaya aparıldı. Ona zəng etməyi düşünürsənmi?
- Tərlandan (Quliyev – red.) nömrəsini götürdüm, özündən də üzr istədim. İnşallah imkan tapıb xəstəxanada da ziyarət edəcəyəm.