“Komandadan razı qaldım. Matça çox ciddi hazırlaşmışdıq, istəkli idik. Bu qarşılaşmanı Tale Heydərov üçün oynayırdıq. Komanda sözü bir yerə qoyub qələbə qazanmaq üçün meydana çıxmışdıq. Matçın əvvəlində gərginlik var idi. Amma fasilə zamanı məşqçilər sakitləşməyimizi və təmkinli, rahat oynamağımızı söylədi”.
Bu sözləri “Qəbələ”nin üzvü Cavid Hüseynov deyib.
Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə “Keşlə” ilə qarşılaşan əyalət təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
Oyundan sonra fikirlərini açıqlayan kapitan jusnalistlərin suallarını da cavablandırıb: “İkinci hissədə məşqçilərin dediklərini yerinə yetirdik, ilk qolu vurduq, ardınca ikinci qol gəldi, hesabı daha çox artıra bilərdik. Sonlarda hesab 3:1 və ya 2:2 də ola bilərdi. Qələbə qazandığımız üçün sevincliyik”.
- Tale Heydərov üçün oynadığınızı dediniz, amma 13 il komandaya rəhbərlik etmiş şəxsə, kubok hədiyyə edə bilməmisiniz. Amma hələ də şans var, kuboku qazana bilərsiniz. Bu barədə nə deyə bilərsiniz?
- Doğru vurğuladınız, kubok qazana bilməmişik. Klubu sıfırdan yaradan şəxs üçün heç nə edə bilməmişik. Onun etdiklərinin qarşılığında, heç nə verə bilməmişik. Futbola və digər idman növlərinə hər cür dəstək göstərir, lazım olan hər şeyi edib, amma biz onun üçün birşey qazanmamışıq. Bu adamı yaralayır. Çalışacağıq ki, Azərbaycan kubokunu qazanaq. Onun bu şəkildə klubdan ayrılması da bizi çox üzdü.
- Prezidentin istefasını gözləyirdinizmi?
- Heç kim gözləmirdi. Bu barədə heç nə danışılmırdı. Sona 5 tur qalmış belə bir qərar verildi. Gözləmək elə olur ki, mövsümün sonunda deyirlər ki, nəsə olacaq. Amma yatıb yuxudan oyanırsan və görürsən ki, belə birşey baş verib.
- Bəs bundan sonra necə olacaq, kluba yeni prezident gələcəkmi? Komanda yoluna davam edəcək yoxsa fəaliyyətini davam etdirəcək? Oyunçularda bununla bağlı gərginlik varmı?
- Gərginlik olmalıdır, bu normaldır. Biz gözümüzü açandan Tale Heydərovu prezident kimi görmüşük. O klubu sıfırdan yaradıb. Bizim üçün onun yerinə kimin gələcəyini düşünmək çətindir.
- Bu gün tribunalarda 1000-ə yaxın “Qəbələ” azarkeşi var idi, bu nə ilə bağlı idi?
- Bu gün hər kəs Tale Heydərov üçün bir yerə yığılmışdı.
- Öz oynunla nağlı nə deyə bilərsən? İkinci hissədə əvəzləndin, bu nə ilə bağlı idi?
- Oyunun 70-ci dəqiqəsində yorulduğumu hiss edirdim, baş məşqçi də məni əvəzlədi.
- Tale Heydərovun istefasından sonra kubokda necə oynayacaqsınız, bu qərar komandanın motivasiyasına təsir etməyəcək ki?
- Onun gedişi komandaya pis təsir etsə də, biz bundan sonrakı hər matçı Tale Heydərov üçün oynayacağıq.