“Azərbaycana gələndə karyeramın necə olacağı məlum deyildi. İlk dəfə legioner həyatı yaşayırdım. Ancaq bura gələndə gördüklərim məni yaxşı mənada təəccübləndirdi”.



Bu sözləri “Qarabağ”ın polşalı futbolçusu Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibəsində deyib. 32 yaşlı müdafiəçi Ağdam klubuna keçidi barədə danışarkən ölkəmizə gəldiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirib: 

“2004-cü ildən, yəni 21 yaşımdan "Legiya"da çıxış etmişəm. Hazırkı durum isə mənə çox xoş gəlir. Bakı inkişaf edir. Həyat yoldaşımla birlikdə sakit həyat yaşayırıq. İdman da inkişaf edir. Biz Çempionlar Liqasında oynadıq. Bura gəldiyim üçün peşmanlıq keçirsəydim, özümə qarşı dürüst olmazdım. Hər şey əla alındı. 
Azərbaycanda ən yaxşı futbolçular Polşa Liqası ilə müqayisədə daha yaxşı qazanırlar. Ancaq mən "Legiya"dakından daha az maaş alıram".

Jezniçak  bəzi polşalı futbolçular kimi qərbə deyil, şərqə üz tutmasından peşman olmadığını qeyd edib: ”Qarabağ” Azərbaycan klub tarixində ilk dəfə Çempionlar Liqasının qrupuna yüksəlməyi bacardı. Çox cazibədar görünürdü. "Çelsi", "Atletiko" və "Roma" ilə qarşılaşdıq. Cəmi 2 xal toplamağımıza baxmayaraq, çıxışımızı müsbət xatırlayırıq. Kimlərlə qarşılaşdığımızı düşünsək, ümumi nəticə pis deyil. "Atletiko" ilə iki dəfə qarşılaşdıq və cəmi 1 qol buraxdıq. "Arsenal"a qarşı nəticələr daha pis idi, ancaq onlara qarşı da “döyüşdük”.

Jezniçak müsəlman ölkəsi olan Azərbaycanda mədəniyyət baxımından hər hansı problemlə özləşmədiyini də əlavə edib: “Müsəlman ölkəsi olduğu doğrudur, ancaq bunu küçələrdə görmürsünüz. Məsələn, düşünürdük ki, orda qadınlar üzlərini bağlayırlar. Ancaq sakinlərin belə radikal olmadığını gördük. Gündəlik yaşayış tərzində hər hansı bir problem yoxdur.

Yerli sakinlər Azərbaycan dilindən başqa rus dili də üstünlük verirlər.  Ancaq komandanın çoxu ingilis dilindən istifadə edir. Onlarla mənə daha asan olur. Rus dilində 90 faiz başa düşürəm". 

Jezniçak "Sabiq klubunuz "Legiya"ya qayıtmaq istərdinizmi" sualını belə cavablandırıb: "Təklif gəlsə, düşünərəm. "Qarabağ"la mövsümün sonuna qədər müqaviləm var. Yeni müqavilə təklifi olub-olmayacağını və ya başqa komandanın mənimlə maraqlanıb-maraqlanmayacağını görəcəyik. Futbolçu həyatı tez dəyişir. "Legiya" hələ də mənim ürəyimdədir və onları dəstəkləməkdə davam edəcəm. Ümid edirəm ki, "Lexiya"nı qabaqlayaraq, yenidən Polşa çempionu olacaqlar". (qol.az)