"Litva yaxşı komandadır. Ancaq düşünürəm ki, favorit bizik. Bütün fikirlərimiz də qələbəyə yönəlib".
Offsideplus.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev deyib.
Sabah "Bakcell Arena"da Litva ilə keçiriləcək yoldaşlıq görüşü öncəsi təşkil edilən mətbuat konfransına qatılan hücumçu fikirlərini açıqlayıb. O, bildirib ki, sabah təkcə yaxşı oyun yox, qələbə də vacibdir: " Slovakiya və Macarıstanla oyunlar öncəsi qalib gəlmək yüksək motivasiya yaradar. Baş məşqçi də fikirlərində bizə bunu bildirib".
Şeydayev məşhur karikaturaçı Oman Mamoninin onun Xorvatiya ilə matçda vurduğu qol epizodu ilə bağlı hazırladığı karikatiraya münasibətini də bildirib: "Belə karikatura mənə və heç kimə pis təsir etməz. Kiminsə barəsində heç nə yazılmırsa və ya çəkilmirsə, bunun üçün çox pis oynamaq lazımdır. Mən buna normal yanaşıram".
Forvard Rusiyanın "Krılya Sovetov" klubu ilə müqavilə müddətinin birillik olduğunu və bundan sonra nə edəcəyi ilə bağlı hələ düşünmədiyini də sözlərinə əlavə edib: "İndidən bu suala cavab vermək çətindir. Qarşıda Rusiya çempionatında 10 oyun var. Yenə qollar vura bilərəm və ya proseslər başqa cür davam edə bilər. Hələlik milli komanda barədə düşünürəm. Qayıtdıqdan sonra klubdakı çıxışıma köklənəcəm" (ONA)