"Hazırda Maykl Essyenlə danışıqlar davam edir. Onu Bakıya dəvət etmişik. Həftəsonu ölkəmizə gələcək".
Offsideplus.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev tanınmış futbolçu Maykl Essyenin komandaya cəlb olunması ilə bağlı danışarkən deyib.
38 yaşlı mütəxəssis qanalı futbolçu ilə hələ martın əvvəllərində Bakıda görüşlərinin olduğunu xatırladıb: "Essyen Avropa Liqasının final matçına həsr olunmuş “Bakı 2019: Ulduzlar Finalı” ilə bağlı ölkəmizə gəlmişdi. Həmin vaxt bizim bazamıza da təşrif buyurmuşdu. Söhbət zamanı elə başa düşdüm ki, karyerasını bitirdiyini elan etməyib və məşqlərini davam etdirir. Son olaraq İndoneziyanın "Persib Bandunq" komandasında çıxış edib. Biz də yarı-zarafat təklifimizi etdik ki, futbola davam etmək istəyirsənsə, sizi komandamızda görmək istəyərik. O, kifayət qədər böyük təcrübəyə malik futbolçudur. Essyen də bu təklifə ciddi yanaşdı. Düşünmürdük ki, təklifimizə "hə" cavabını verəcək. Hazırda danışıqlar müsbət tərəfə istiqamətlənib".
Hacıyev təcrübəli oyunçunun böyük ehtimalla həftəsonu müqavilə üçün Bakıya gələcəyini vurğulayıb: "Onunla sözləşmə 2019-2020 mövsümünün sonuna kimi nəzərdə tutulacaq".(sportnet.az)