"Mauronun "İnter"lə hələ 2 illik müqaviləsi qüvvədədir. Klubun yeni direktoru var. Beppe Marotta. Hər şey "İnter" və futbolçu üçün yaxşı nəticələnəcək".
Bunu "İnter"in hücumçusu Mauro İkardinin həyat yoldaşı və agenti Vanda Nara deyib.
"Neradzurra"da kapitanlığı əlindən alınan və əsas komandadan uzaqlaşdırılan argentinalı forvardın taleyi qeyri-müəyyən olaraq qalır. Bundan narahat olmayan İkardinin meneceri tezliklə vəziyyətin düzələcəyinə ümid edir.
Nara qadın olduğu üçün menecerlik sahəsində üzləşdiyi çətinliklərdən də bəhs edib: "İkardinin meneceri olmaq çox asandı. Çünki o, böyük futbolçudu. Bu dünya bir çox cəhətdən "maço" dünyasıdı. Ancaq mən inqilab etdim. Futbolçuların maraqlarını təmsil edənlər arasında onların qohumları da var. Futbolda qadınların rolu evdə oturmaq və uşaqlara baxmaqdan ibarətdi. Bu mənada mən inqilabçıyam. Futbolçuların həyat yoldaşlarının bir neçəsi ilə rəfiqəyəm. Onlar mənə gülürlər. Amma digər tərəfdən həyat yoldaşlarının maraqlarını təmsil etməyimi istəyirlər. Çünki məni yaxşı tanıyırlar, özümü necə apardığımı bilirlər. "Maço" dünyasında qadın olmaq asan deyil. Ancaq mənə işimə görə hörmət edənlər var".
Son vaxtlar İkardi ilə Naranın ayrılacağı ilə bağlı məlumatlar yayılıb. Lakin 33 yaşlı model bunu təkzib edib: "Mauro ilə münasibətimizdə heç vaxt problem olmayıb. Biz birlikdə xoşbaxtik və gəzən söz-söhbətlərin hamısı şayiədir".