"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovunun karyerasını yenidən ölkəmizdə davam etdirmək variantı yaranıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikası (CAR) mətbuatı məlumat yayıb.
Bildirilir ki, 29 yaşlı forvard əvvəlcə hazırkı klubu "Çjetsyan Qrintaun"u tərk etmək fikrinə düşüb. Buna səbəb komandanın Çinin I liqasından Super Liqaya vəsiqə qazanmaması olub. Belə ki, mövsümü üçüncü pillədə başa vuran Hançjou təmsilçisinin elitaya vəsiqə üçün cəmi 2 xalı çatmayıb. Dino isə keçirdiyi 24 matçda 19 qola imza ataraq, bombardirlər yarışında 5-ci yeri tutub. Forvard mövsüm ərzində zədə ucbatından 3 oyunu buraxmalı olub.
Yenidən Avropada oynamaq və avrokubok həyəcanı yaşamaq istəyən Ndlovu "Qarabağ"a qayıtmaq istəsə də, sonradan bu fikrindən daşınıb. Məsələ burasındadı ki, "Çjetsyan Qrintaun" rəhbərliyi onu qalmağa razı sala bilib. Maaşının da artırılması hücumçunun qərarına təsir edib.
CAR millisinin üzvü açıqlamasında daha bir il komandada qalacağını və hədəflərinin Super Liqaya vəsiqə qazanmaq olduğunu söyləyib.
Qeyd edək ki, Dino Ndlovunun "Çjetsyan Qrintaun"la müqavilə müddəti bu ilin sonuna qədərdi. Çinin I liqasında yeni mövsüm martın 9-da start götürəcək və noyabrın 2-nə qədər davam edəcək.