"Hələlik Azərbaycanda qalıb-qalmayacağımı bilmirəm. Müşahidələrimə əsasən, klubda yaşlı oyunçulara yeni müqavilə ən sonda təklif olunur. Buna görə də gözləməli olacağam. Eşitdiyimə görə baş məşqçi Qurban Qurbanov və komanda məndən razıdır. Vaxtı çatanda mənə də yeni müqavilə təklif edəcəklər. Fikrimcə, klubda yoluma davam edəcəyəm".
Bunu "Qarabağ" klubunun futbolçusu Yakub Jezniçak "Sport Dziennik"ə müsahibəsində deyib. Polşalı legioner Azərbaycandakı şəraitindən razılıq ifadə edib: "Əlbəttə, bir qədər fərqli mədəniyyət, fərqli dinə malikdirlər. Azərbaycanda islam aparıcı din olsa da, bu, çox da hiss olunmur. Şəhər və ölkə çox yaxşıdır, qonaqlara açıqdır. Bir çox insan ingiliscə, bu da olmasa, polyak dilinə yaxın olan rusca danışır. Mənim ünsiyyət və uyğunlaşma sarıdan problemim olmayıb. Çox yaxşı yaşayıram. Avropa kuboklarında çıxış etdiyimiz vaxt təyyarə ilə getməyə 5-6 saat vaxt lazım olurdu. Amma çarter reysi ilə uçduğumuzdan, daha tez yollanırdıq. Bu zaman istirahətə və oyuna hazırlaşmağa vaxt olurdu".
33 yaşlı müdafiəçinin sözlərinə görə, "Qarabağ"ın bu mövsüm hədəfi çempionluq titulunu qorumaqdır. O, Azərbaycan Kubokunda da mübarizəni davam etdirdiklərini və artıq yarımfinala yüksəldiklərini xatırladıb: "Mövsümün ilk yarısı bizim üçün çətin keçdi. Avropa Liqasının qrup mərhələsində də çıxış edirdik. Sonda bəzi problemlərimiz yarandı. Böyük rotasiyalar olurdu və biz 3 gündənbir oynayırdıq. İndi isə baş məşqçi daha çox rahatlıq tapacaq və hər tur ən güclü heyəti qura biləcək. Mövsümün ikinci yarısı ərəfəsində biz tam ruh yüksəkliyindəyik".
Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilməmələrini normal qarşılayan Jezniçakın fikrincə, "Qarabağ"ın yeri elə Avroliqadır: "Bu mövsüm Çempionlar Liqasında yolumuz bir qədər çətin oldu. Bərabər mübarizə getsə də, Belarus BATE-sini keçə bilmədik. Amma keçsəydik, Hollandiya PSV-si ilə qarşılaşacaqdıq. Belə komandalar isə "Qarabağ" səviyyəsində deyillər. Ona görə də Çempionlar Liqasının qrupuna düşmək daha da çətinləşir. Bizim və ya Polşa çempionunun yeri Avropa Liqasının qrupudur. Buna da sevinmək lazımdır. Çünki burada da çətin komandalar çıxış edirlər. Biz "Arsenal" və "Sportinq" kimi komandalarla düşmüşdük. Onlarla Çempionlar Liqasında da üz-üzə gələ bilərdik".
Təcrübəli futbolçu "Qarabağ"dakı durumundan da məmnunluğunu dilə gətirib: "Açığı, Polşa üçün elə də darıxmıram. Yalnız ailəmi düşünürəm. Burada əla futbol həyatı tapmışam. "Qarabağ"da təzyiq "Legiya" ilə müqayisədə xeyli aşağıdır. Tez özündən çıxan fanatlar yoxdur, sakitlikdir. Tez-tez forum və sosial şəbəkələrdə baş verənləri gördükdə gülür və Polşa cəhənnəminə qayıtmadığıma sevinirəm. Bunlar yersizdir. Kiminsə qələbə istəməməsini və ya hansısa komandaya qarşı qəsdən oynamamasını təsəvvür edə bilmirəm. Biz peşəkarıq, hərdən yaxşı keçməyən günümüz də olur. Peşəkar idmanla heç vaxt məğlub olmamış bəzi insanlar bunu başa düşmürlər. Buna görə də mən "hə" deyir və "Qarabağ"da belə halların olmamasına sevinirəm".
Jezniçak onu da əlavə edib ki, "Qarabağ"la müqaviləsi uzadılmasa, yenə legioner həyatı yaşayacaq: "Həyat məni məcbur etməsə, Polşada bir daha oynamaram. Xaricdə başqa istiqamət axtarmaq istərdim".
Qeyd edək ki, Yakub Jezniçak indiyədək "Qarabağ"da keçirdiyi 47 oyunda 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub. (report)